O boyda TV niyə Elgizə uduzdu?

09.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan televiziyasında illərdir müzakirə olunan bir sual var: Televiziya tamaşaçını itirdi, yoxsa tamaşaçı televiziyanı?

ARB TV ilə yollarını ayıran aparıcı Elgiz Əkbərin yeni layihəsini bu dəfə televiziya ekranından deyil, "YouTube" dan təqdim etməsi həmin sualı yenidən gündəmə gətirdi. 

Verilişin açıldığı 2 gündür və təkcə “YouTube”də 20 mindən çox insan birbaşa yayımda Elgizi izləyir

Elgizin “Şadlıq olsun” adlı proqramı yayıma başladı. Aparıcının sözlərinə görə, sosial mövzulu layihə çərçivəsində ehtiyacı olan, ailə qurmaq istəyən insanlara dəstək göstəriləcək. Elgiz bildirib ki, yeni proqramın əsas məqsədi sosial problemlərə diqqət çəkmək və imkan daxilində insanlara yardım etməkdir.

Elgizin layihənin təqdimatı zamanı səsləndirdiyi fikirlər isə xüsusilə diqqət çəkir:

"Qeyri-etik insanların burada yeri olmayacaq. İnsanları reytinq xatirinə qıcıqlandırmaq istəmirik. Televiziya başqa bir cəmiyyətdir. Bəzilərimiz bu məsələlərdən sui-istifadə etdik".

Əslində bu fikirlər təkcə yeni layihənin konsepsiyası deyil...

Elgiz efirdən getdi, amma öz auditoriyasını itirmədi. Əksinə, onu özü ilə birlikdə "YouTube"a apardı. Bu isə bir tərəfdən aparıcının qazancı, digər tərəfdən isə televiziya üçün ciddi auditoriya itkisi kimi qiymətləndirilə bilər.

Burada söhbət yalnız bir aparıcının televiziyadan ayrılmasından getmir. Məsələ daha böyükdür: Televiziya niyə özünün yaratdığı auditoriyanı rəqəmsal platformalara buraxır?

Çünki bu gün televiziya təkcə keyfiyyətlə deyil, marketinq, auditoriya davranışı və rəqəmsal imkanlarla da rəqabət aparır. Tamaşaçı artıq televiziyanın müəyyən etdiyi saatı gözləmir. İstədiyi proqramı, istədiyi vaxt, istədiyi platformadan izləyir.

Bəs televiziya buna hazırdırmı?

Uzun illər ekranlarda yayımlanan bəzi proqramlara “bayağı”, “reytinq naminə hazırlanan”, “ictimai zövqü aşağı salan” kimi iradlar bildirildi. Bu verilişlərin bir hissəsi efirdən yığışdırıldı. Lakin ortaya başqa sual çıxdı: Bayağı verilişlər getdi, bəs onların yerini nə doldurdu?

Tamaşaçı keyfiyyətsiz kontent istəmir. Amma bu, onun maraqsız televiziya da istədiyi anlamına gəlmir.

Televiziya ekranının boşalan yerləri avtomatik olaraq keyfiyyətli məzmunla dolmadı. Nəticədə bəzi tamaşaçılar "YouTube" a, sosial şəbəkələrə və digər platformalara üz tutdu. Orada isə onları daha çevik, daha sərbəst və tamaşaçının reaksiyasına daha sürətli uyğunlaşan kontent qarşıladı. 

Elgizin "YouTube" layihəsi də bu mənada diqqətçəkən nümunədir.

Bir aparıcı televiziyadan gedir, amma auditoriyası onunla birlikdə gedirsə, deməli, tamaşaçı üçün bəzən platformadan daha önəmli olan simadır.

Bu, televiziyanın uduzmasıdırmı?

Bəlkə də, bəli.

Amma çıxış yolu yalnız Elgiz Əkbəri və onun kimi tanınmış aparıcıları yenidən efirə qaytarmaq deyil.

Əsas məsələ tamaşaçının niyə getdiyini anlamaqdır.

Televiziya əvvəlki şöhrətini bərpa edə bilərmi? Əlbəttə, edə bilər. Bunun üçün isə sadəcə yeni verilişlərə deyil, yeni televiziya düşüncəsinə ehtiyac var. Tamaşaçını yalnız reytinq rəqəmi kimi deyil, tələbkar auditoriya kimi qəbul etmək, sosial mövzulara toxunmaq, maraqlı formatlar yaratmaq, peşəkar aparıcıları önə çıxarmaq və ən əsası, televiziya ilə rəqəmsal platformalar arasındakı sərhədi düzgün qurmaq lazımdır.

Elgiz və ona bənzər aparıcıların efirə qayıtması müəyyən mənada çıxış yolu ola bilər. Amma bu, problemin özü deyil.

Əsas sual:

Niyə böyük auditoriyası olan insanlar öz layihələrini televiziyada deyil, "YouTube"da daha rahat qurmağı üstün tuturlar?

Əgər bu suala televiziya rəhbərlikləri cavab tapa bilməsə, məsələ bir aparıcının efirdən getməsi ilə bitməyəcək.

Çünki bu gün Elgiz "YouTube"a keçib.

Sabah isə tamaşaçı da tamamilə ora keçə bilər. 

Və Azərbaycan televiziyası bir daha uduzar. 

Elgizin timsalında gec olmadan bu haqda düşünməyə dəyər.

Günəş Mərd 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью