Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda lisey şagirdi Ayşə Umay Bahçivan babasından qalan, illərdir istifadəsiz olan ərazini susuz əkinçilik (və ya dəmyə əkinçiliyi) layihəsi ilə ərik bağına çevirib.
“Cebheinfo.az” xəbər verir ki, 17 yaşlı Ayşə Umay Bahçivan təxminən 1950 metr yüksəklikdə yerləşən və su imkanları olmayan ərazidə Malatya əriklərinin yetişdirilməsi ilə bağlı araşdırma aparıb.
70 ilə yaxın müddətdə istifadəsiz qalan torpaq sahəsinin kənd təsərrüfatına cəlb edilməsi üçün layihəyə əvvəlcə 500 ərik tingi ilə başlanılıb.
Layihəyə Ayşə Umayın valideynləri ilə yanaşı, əmisi və babası da dəstək verib. Daha sonra ərazinin digər vərəsələri də layihəyə qoşulub və bağın tutumu 10 min ağaca çatdırılıb.
Layihə çərçivəsində istilik elektrik stansiyasından əldə edilən leonardit gübrəsindən istifadə olunub.
Bu gübrənin torpağın su tutma qabiliyyətini artırmasından yararlanılıb. Beləliklə, ətrafdakı rütubətin torpaq tərəfindən daha yaxşı mənimsənilməsi təmin edilib.
Ayşə Umay Bahçivan layihə barədə danışarkən bildirib ki, ərazidə su mənbələri ağacların məhsuldarlığı üçün kifayət etmir:
“500 tinglə susuz əkinçilik üsulu ilə istehsala başladıq. Su mənbələri ağacların məhsuldarlığı üçün uyğun deyil. Leonardit gübrəsindən istifadə edirik. Torpağa qarışdırıldıqda onun su tutma qabiliyyəti artır və ətrafdakı rütubət daha asan mənimsənilir”.
Gənc layihə müəllifi bu il ilk dəfə məhsul götürdüklərini və 4 ton yaş ərik əldə etdiklərini bildirib:
“Bura 1950 metr yüksəklikdə yerləşir və əvvəllər burada belə ərik istehsalı həyata keçirilməyib.
500 ağacla başladıq, hazırda isə 10 min ağacın olduğu və 4-5 ailənin iştirak etdiyi böyük bir layihəyə çevrilib”.
Qeyd edək ki, Ayşə Umay Bahçivanın layihəsi beynəlxalq səviyyədə də uğur qazanıb.
ABŞ-də “Terra Science” tərəfindən təşkil olunan, 950 layihənin iştirak etdiyi iqlim və ətraf mühit mövzulu müsabiqədə layihə gümüş medala layiq görülüb.
Bundan əvvəl layihə “Lisey şagirdləri üçün İqlim Dəyişikliyi Layihə Müsabiqəsi”ndə Türkiyə üzrə birinci olub. Layihə həmçinin İngiltərədə keçirilən müsabiqədə bürünc medala layiq görülüb.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin