Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
O ilin də 27 sentyabrı bazar günü idi.
İnsanlar həmin səhər nə baş verəcəyindən xəbərsiz yuxudan oyanmışdı. Heç kim qarşıdakı günlərin Azərbaycanın tarixində necə böyük iz buraxacağını bilmirdi.
... Bazar günü idi. Rayonda idim. O vaxt çalışdığım APA-dan zəng gəldi:
- İşdə olun.
Bu iki sözün arxasında nə qədər böyük hadisələrin dayandığını o an, bəlkə də, tam anlamırdım.
…Bakıya qayıdırdım. Yolun mənzərəsi də dəyişmişdi sanki. Yolboyu hərbi texnika, hərəkətdə olan əsgərlər... O görüntü yaddaşıma həkk olundu. Elə bil yolun özü də bizə deyirdi ki, artıq əvvəlki günlərdən biri deyil.
Fərqli bir ab-hava vardı ölkədə…
Tez-tələsik toparlanıb Bakıya qayıtmağımı rayondakılar da qəribə qarşılamışdılar. Yolboyu susmayan telefon zəngləri, “nə olub” sualları…
Sonra məlum oldu ki…
…Saat 12 radələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müaciət etdi.
Prezident müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və Ordumuzun mövqelərini atəşə tutmasına cavab olaraq qarşı tərəfin hərbi mövqelərinə zərbələr endirildiyini və düşmənin bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirdi. Müraciətdə torpaqlarımızın işğaldan azad ediləcəyinə, əks-hücum əməliyyatlarının uğurla nəticələnəcəyinə inam ifadə olunurdu.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi.
Ali Baş Komandan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan etdi. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin - Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin işğaldan azad edilməsi barədə xalqımıza ilk müjdə verildi.
Axşam saatlarında Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı.
Və insanların gözü yolda, qulağı səsdə idi… İlk gün xoş xəbər alan xalqımız bu sevincli xəbərlərin ardını gözləyirdi… Və Prezident, Ali Baş Komandanın qələbəyə ümidlə dolu olan tvitləri…
27 sentyabr yalnız döyüşlərin başladığı tarix olmadı. Bu tarix həm də xalqımızın birliyini göstərdi.
Küçədə, evdə, işdə, sosial şəbəkələrdə, cəbhəyə yola düşən əsgərlərin arxasınca baxan insanların gözündə eyni hiss vardı. Siyasi, sosial, yaş fərqlərimiz bir kənara çəkilmişdi. Hamımızı bir amal birləşdirirdi - Azərbaycanımızın ərazi bütövlüyünün bərpası.
Bu birlik sonrakı günlərdə daha aydın göründü.
Əsgər cəbhədə idi, ailəsi onun yolunu gözləyirdi.
Həkim yaralıların yanında idi.
Jurnalist ön və arxa cəbhədən xəbərləri çatdırırdı.
Sadə vətəndaş əlindən gələn dəstəyi göstərirdi.
Hər kəs öz yerində idi.
27 sentyabr bizə bir həqiqəti də xatırlatdı: xalqın ən ağır günlərində onun gücü yalnız silahda, texnikada deyil, həm də birliyindədir. Bir oldu xalqımız, “Dəmir yumruq” kimi birləşdi. Qələbəyə nail olduq. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu.
O gündən illər öüb. Amma mən sentyabrın 27-sini düşünəndə ilk olaraq bir bazar gününü xatırlayıram. İnsanların hələ nə olacağından xəbərsiz olduğu o bazar gününü - 2020-ci ilin 27 sentyabrını…
6 il ötür o ildən. Bu gün 27 Sentyabrı Anım Günü kimi qeyd edirik. Bu gün Vətən müharibəsində həyatını itirən şəhidlərimizi yad edirik. Onların qarşısında borcumuzu xatırlayırıq…