Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Almaniya Kansleri Fridrix Merts ölkəsinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi gözlənilən və Ukraynada sülhün əldə edilməsinə yönəlmiş ilk danışıqlarda iştirak edəcəyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Kansler Dublində keçirilən Avropa Siyasi Birliyinin (EPC) 9-cu Zirvə Toplantısından sonra bildirib ki, Avropanın bu prosesdə təmsil olunması Berlinin əsas şərtidir.
“Avropa olmadan Avropadan, Ukrayna olmadan Ukraynadan danışmaq olmaz. Bu danışıqların bu həftə Əbu-Dabidə Avropa ölkələrinin iştirakı ilə keçirilməsi gözlənilir. Almaniyanın da bu prosesdə yer alacağı şübhəsizdir”, - o qeyd edib.
O, alman müşavirlərin ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşərək Rusiya Prezidenti Vladimir Putinlə aparılan təmaslar barədə məlumat aldıqlarını qeyd edib. Merts Rusiya ilə dialoqun güclü mövqedən aparılmalı olduğunu və Ukraynanın müdafiə qabiliyyətinin qorunmasının vacibliyini vurğulayıb.
Gələn həftə Berlində “Könüllülər Koalisiyası” çərçivəsində 20-dən çox ölkənin lideri ilə görüşəcəyini deyən Merts iclasda Ukraynanın 2027-ci il müdafiə xərclərinin maliyyələşdirilməsi və sülh danışıqlarına dair ortaq mövqeyin müzakirə olunacağını bildirib.