Icma.az, 525.az portalına istinadən məlumat verir.
Məhsəti Musa, jurnalist:
- Deistəm. Heç bir dini inancım yoxdur. Amma başqaları arasında təbliğat aparmayan, reklamsız inanclılara da hörmətlə yanaşıram. Hicabı isə açığı, həmişə qadın azadlığının əlindən alınması kimi qəbul etmişəm. Di gəl yaxın qohumlarım hicaba keçəndə məsələn, etiraz etməyə başlayan anama qarşı çıxmışam. Sən qarışma, öz inanclarıdır, öz seçimləridir, özləri bilər demişəm. Tələbələrim içərisində hicablılar olub. Mühazirə mövzumuz müqəddəs kitablar olanda müzakirələrdə hər zaman fikirlərinə hörmətlə yanaşmışam, öz mövqeyimi də bildirmişəm və mənim fikirlərimə də hörmətlə yanaşmağı tələb etmişəm. Neçə gündür məktəblərdən balaca balaların geri qaytarılmasına da "urra" deyib sevinməmişəm. Məktəbli geyimi tələbinin tamamilə düzgün olduğunu bilsəm belə, bir tərəfdən də hicablıların məktəbdən geri qaytarılması ürəyimi ağrıdıb. Nədən ki, o uşaqlar qurbandır. O uşaqların çoxu öz seçimləri ilə hicaba keçməyib. Amma valideynin inadkarlığı ilə dövlətin tələbkarlığı arasında qalıb təhsildən uzaqlaşmalı olurlar. Vəziyyəti belə gördükcə sadəcə susdum. Çünki deyəcək sözüm yox idi. Ta ki, sosial mediada hicab tələbinə azyaşlıların cəlb edilməsinədək. Şəhid övladlarının bu oyuna alət edilməsinədək. Qaşı-gözü civildəşən bir sıra qadınların bu çağırışlara dəstək videosu çəkməsinədək. Başında hicab, çarpayıda uzanıb ehtiraslı göz yaşı axıdan qadının özünün çəkdiyi videodakı saxtalıq ürəyimi bulandıranadək. Bir qrup insanların küçələrdə, müəyyən yerlərdə etiraz aksiyalarının keçirilməsi üçün çağırışlar etməsinə, hətta hədə-qorxu gəlməsinədək...
Bu dövlət çörəyi qulağına yemir. Əgər neçə ildən sonra qəfil bu tələb meydana çıxıbsa, deməli, narahatedici məqam var, tədbir görülməsi vacibdir. Elə son günlər əks tərəfin aqressiyası, kütləvi aksiya çağırışları da bunu deməyə əsas verir. Hər zaman bərabərliyin, qarşlıqlı anlaşmanın tərəfdarıyıq. Amma kimsə hicabı bəhanə edərək buranı məlum və məzlum ölkələrdən birinə çevirmək istəyirsə, bunu yuxusunda görər.
İnanıram ki, bu məsələ tezliklə dinc şəkildə öz həllini tapacaq. Amma tapmasa, kimsə yanlış addım atmağa cəhd etsə, qanun qarşısında da, xalq qarşısında da cavab verməli olacaq. Beş-on nəfərin qışqırması azadlığını qanı, canı bahasına qazanan, müstəqillik uğrunda ölümün düz üstünə yüyürən xalqı qorxudacaq deyil. Özünüzə gəlin! Əgər sizdə həqiqətən "öz" deyilən bir şey qalıbsa.
Taleh Şahsuvarov, jurnalist:
- Türkiyənin sabiq Baş naziri Nəcməddin Ərbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan iddia edir ki, Azərbaycanda guya yasaqlanmış hicab Ermənistanda sərbəstdir.
Fatih Erbakan, Ermənistanda ermənilərdən və digər az sayda xristian qruplarından başqa sadəcə yəzidi kürdləri var, onlar da müsəlman deyillər. Allahlarının ismi "Tavus"dur.
Ermənistanda turist və ya sığınmaçı olmayan müsəlman varmı ki, hicab sərbəst olsun?
Sən bu bilgi ilə, bu intellektləmi Azərbaycana ağıl verirsən?
Azərbaycana ağıl verdiyinə, get tarix oxu, coğrafiya oxu, heç olmasa Türkiyəni özünə düşmən bilən erməniləri araşdır. Bu qədər savadsız və məsuliyyətsiz biri Türkiyədə necə partiya lideri olur, sorğulanmalı durumdur.
Sən bu savadla Türkiyəyə yenidən rifah deyil, uzaqbaşı, yenidən cəhalət gətirə bilərsən!
Vüsal Məmmədov, jurnalist:
- Bu möhtəşəm hadisə 8 nömrəli məktəbdə olub.
10-cu sinifdə, rus bölməsində oxuyan hicablı qız dərsə gələndə qapıdan buraxmayıblar.
- Niyə məni içəri qoymursunuz? - qız soruşub.
- Hicabla olmaz!
- Hicabı çıxarıb, keçə bilərəm?
- Bəli.
Qız hicabını çıxarıb və dərsinə gedib.
Yəni əslində hər şey bu qədər asandir!
Asif Nərimanlı, jurnalist:
- MHP lideri Dövlət Baxçalı Türkiyədə hicab məsələsi üzərindən Azərbaycana qarşı hücumları qınayıb. Bəyan edib ki, bu, Azərbaycanın daxili məsələsidir: "Hər bir Türk respublikası öz daxilində müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışını əsas götürür, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf edir". Baxçalı əsas diqqətin türk dünyasında birliyə yönənildilməsi çağırışını edib.
Türkiyədə Azərbaycanı dəstəkləyənlər hər zaman milli kəsim olub. Birinci Qarabağ müharibəsində Türkiyə hökuməti Azərbaycana dəstək vermədiyi halda, millətçilər cəbhədə döyüşürdülər. AKP də hakimiyyətə gələndə Azərbaycanla münasibətlər indiki səviyyədə deyildi. Türkiyə və Ermənistan arasında "futbol diplomatiyası" və "Sürix protokolları" bunun tarixi nümunələrindəndir. Türkiyədə buna etiraz edən və qarşısının alınmasında rol oynayanlar millətçilər oldu.
Azərbaycanla Türkiyə arasında siyasi elitanın yaxınlaşması xüsusilə 2010-cu ildən sonra başlandı. Bu məsələdə də MHP rol oynayıb. Həmin vaxt Türkiyənin xarici siyasətində müstəqil xətt önə çıxır, AKP və MHP arasında müəyyən yaxınlaşmalar müşahidə edilirdi. Daha sonra MHP-nin AKP ilə eyni cəbhədə yer alması Bakı-Ankara xəttində siyasi bağları daha da gücləndirdi.
Bu gün Türkiyə hakimiyyətində də təmsil olunan müəyyən dini qrupların Azərbaycan əleyhinə çıxışları iki ölkə arasındakı bağları qoparmaq gücündə deyil. Çünki Türkiyə ictimaiyyətində millətçi kəsim Azərbaycanın yanındadır, sekulyarların da geniş dəstəyi müşahidə edilir. MHP-nin hakim "Cümhur ittifaqı"nın, həm də Türkiyə dövlətinin əsas sütunlarından olması isə Bakıya təkcə ictimai yox, həm də siyasi dəstək deməkdir. Baxçalı Azərbaycanı müdafiə etməklə bunun mesajını verdi.
Dilqəm Əhməd, jurnalist:
- Var qaragüruh, bir də var Ankara səfirliyimizin (İstanbul Konsulluğumuzun) qarşısındakı qapqaragüruh.
Laurensə aid edilən bir söz var, deyir ki, müsəlman rolunu o qədər yaxşı oynayırdım ki, tək qalanda da gecələr namaza qalxardım.
Əziz, Türkiyə. Fətullah Gülən 40 il müsəlman rolunu oynamadımı? Axırda tankı ilə, qırıcısı ilə üstünüzə gəlmədimi?
O qapqaragüruh bu gün bizim səfirliyin önündə belə edirsə, sabah Anıtqəbirdə edəcək, Beştepedə edəcək.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Təsəvvür etməzdim ki, ölkəmizdə dini icmaların təsiri bu dərəcədə güclənib. Görünür, hökumətdə də bununla bağlı ətraflı məlumatlar olub.
Yayılan videolar, bəzi məktəblərin qarşısında səsləndirilən şüarlar və nümayiş etdirilən plakatlar, zorakı hərəkətlər təşkilatlanmanın kifayət qədər güclü olduğunu göstərir. Xarici təsirləri də istisna etmirəm.
Məktəblərə və müəllimlərə hücumlar, qanunsuz çağırışlar və hərəkətlər, maşınları yandırmaq ciddi məsuliyyət yaradr.
Xatırlatmaq istərdim ki, məktəb ictimai məkan və qorunan ərazidir. Məktəblərin demək olar ki, hamısı müşahidə kameraları ilə təchiz olunub. Orada baş verənlərin aidiyyəti qurumların nəzarətindən kənarda qaldığını düşünmək sadəlövhlük olardı.
Uşaqları etiraz vasitəsinə çevirmək, məktəb qaydalarını dinə qarşı, dini dəyərlərə qarşı mübarizə kimi təqdim etmək yolverilməzdir. Buna görə də emosiyalara qapılaraq qanunsuz hərəkətlərə yol verənləri atdıqları addımların məsuliyyətini dərk etməyə çağırıram.
Çox vaxt aranı qarışdıranlar kənarda qalır, nəticələrin ağırlığını isə sadə insanlar, kasıb-kusublar çəkirlər.
Valideynlərə müraciət edirəm ki, uşaqları etiraz vasitəsinə çevirmək əvəzinə, onların bilik və bacarıq qazanmasına diqqət yetirmək daha faydalı olardı.
Bir neçə məktəb qarşısında səsləndirilən şüarların mahiyyətinə və onu səsləndirənlərə, direktorlara və müəllimlərə hədə-qorxu gələnlərə, geyim məsələsinə görə yandırılan maşına baxıram. Səmimi olaraq qeyd edim ki, mən bu dərəcədə gözləmirdim.
Fikrimcə, dövlətin dünyəvi əsaslarını qorumaq üçün xarici dini cərəyanların ölkəmizdəki proseslərə bu dərəcədə müdaxiləsinə yol verilməməlidir.
Ölkənin xarici təsirlərin genişlənməsi üçün meydana çevrilməsinə imkan vermək olmaz.
Əminəm ki, cəmiyyətimiz də məktəbin dini qarşıdurma yerinə çevrilməsinə cəhdlər olunduğunun fərqindədir. Ümid edirəm, hökumət qanunazidd hərəkətlərin qarşısını alacaq, təqsirkarlar cəzalandırılacaq və qayda-qanunu bərpa edəcək.
Eyni zamanda, bəlkə də yeri deyil, amma ümid edirəm hökumət də dini icmaların təsirinin bu dərəcədə güclənməsinin səbəblərinin fərqindədir.
Sara Əzimova, jurnalist:
- Uşaq vaxtı Yeni Naxçıvan tərəfdə yeni tikilən bir məsciddə pulsuz din kurslarının təşkil olunduğunu eşitdik. Məhəllədəki balaca uşaqları həmin kurslara çağırır, pulsuz qənd və çay veriləcəyini deyirdilər.
Naxçıvanın çətin vaxtları idi. Məhəllə uşaqları ilə biz də getdik. Bizə qənd, çay verir, "evə aparın, ehsandır" deyirdilər. Ancaq bir müddət sonra kursdakı söhbətlərin məzmunu dəyişməyə başladı. Dini bilik öyrətməkdən başqa məqsədlərə keçildi. "Bizim ölkəmiz başqadır", "hicab taxıb İslam bayrağı altında birləşməliyik", "mübarizə aparmalıyıq" kimi fikirlər səslənirdi.
Mən səhhətimlə əlaqədar kursu yarımçıq qoydum. Sonradan eşitdim ki, həmin kursun fəaliyyəti ifşa olunub, oraya gedənlərin bir qismi xaricdən idarə olunan təşkilatlara yönləndirilib. Culfada da oxşar təbliğat ocaqlarının aşkarlandığı barədə söhbətlər eşidirdik. O dövrdə Naxçıvanda belə fəaliyyətlərə qarşı ciddi nəzarət və kəskin mübarizə başladı.
Bu xatirəni ona görə bölüşürəm ki, ilk baxışda adi görünən, din adı altında aparılan bəzi fəaliyyətlərin arxasında hansı məqsədlərin dayana biləcəyini unutmayaq.
Naxçıvanın sərhəd coğrafiyası bəllidir. Vaxtında görülən tədbirlərin nə qədər vacib olduğunu o günləri yaşayanlar yaxşı anlayırlar.
Bugünkü mənzərəyə də yalnız hicab və geyim mübahisəsi kimi baxa bilmərik. Məktəbə hücum etmək, daş atmaq, uşaqları qarşıdurmanın içinə çəkmək, avtomobil yandırmaq kimi hərəkətlərin arxasında hansı düşüncənin dayandığını sorğulamalıyıq.
Prezidentin YAP iclasında ideoloji təxribatlardan qorunmaq və ilk növbədə təhsilə diqqət yetirmək barədə fikirlərini də bu baxımdan mühüm mesaj hesab edirəm. Təhsil uşağa biliklə yanaşı, düşünmək, sorğulamaq və onu öz məqsədləri üçün yönləndirmək istəyənləri tanımaq bacarığı verməlidir.
Din həssas məsələdir. İnsanların inancına hörmət vacibdir. Amma bu həssaslıqdan istifadə edərək uşaqları təsir altına salmağa, cəmiyyəti qarşı-qarşıya qoymağa, dövlətimizi sarsıtmağa çalışanlara da yol verə bilmərik.
Birliyimiz, ayıq düşüncəmiz və təhsilə sahib çıxmağımız belə cəhdlərin qarşısını almalıdır.
Xoşqədəm Baxşəliyeva, jurnalist:
- Mən sovet dövründə təhsil almışam. Məktəbdə vahid forma var idi və qalstukumuz, yaxud önlüyümüz olmayanda bizi dərsə buraxmırdılar. Heç kim etiraz etmirdi. Üstəlik, valideynlərimiz də müəllimlərin tərəfini tuturdu: "Düz edib buraxmayıblar. Belə məsuliyyətsizlik olar? Bundan sonra qalstukunuzu, önlüyünüzü taxmadan məktəbə getməyin!"
İndi anlaya bilmirəm, biz nəyə etiraz edirik? Məktəblinin məktəbə vahid geyimdə getməsinə?
7 yaşlı uşaq hicabın nə olduğunu və onu mütləq taxıb məktəbə getməli olduğunu hardan anlayır? Sabah o yaşda uşaq desə ki, "mən məktəbə qırmızı saçla və ya makiyajla gedəcəm", buraxacaqsınız? Təbii ki, yox.
Buraxın bu uşaqlar gedib təhsil alsınlar. Həddi-büluğa, yəni sərbəst qərar vermə yaşına çatanda qərarlarını özləri verəcəklər.
İndi isə qayda belədir: məktəbli məktəbə müəyyən edilmiş vahid geyimdə getməlidir!
Valideynlər, zəhmət çəkib az yaşlılara başa salın ki, heç kim sizə hicab taxmağı qadağan etmir, sadəcə məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir. Qərar vermə yaşına çatdıqda istədiyiniz geyimi seçə bilərsiniz.