O yazır, araşdırır, müalicə edir: Həm həkimdir, həm jurnalist, həm şərhçi...

21.08.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlər süni intellekt həyatımızın demək olar ki, bütün sahələrinə daxil olub. 

İnsanlar artıq məlumat axtarmaqdan tutmuş, mətn hazırlamağa, tərcümə etməyə, hesablamalara və müxtəlif məsələlər üzrə fikir almağa qədər bir çox işi süni intellektin köməyi ilə görürlər. 

"Cebheinfo.az" xəbər verir ki, süni intellektin bu qədər sürətlə həyatımıza daxil olması isə həm üstünlükler, həm də müəyyən risklər yaradır.

Əslində süni intellektdən düzgün istifadə edən insan üçün faydalı vasitədir. Yəni vaxta qənaət edir, böyük həcmdə məlumatı qısa müddətdə təhlil etməyə imkan verir və bir çox işi asanlaşdırır. 

Amma problem ondan başlayır ki, bəzi insanlar artıq demək olar heç nəyi özləri etmirlər. Yazını da süni intellektə yazdırırlar, fikirlərini də ona formalaşdırırlar, suallarını da ona hazırladırlar, sonra isə ortaya çıxan mətni öz adlarından təqdim edirlər.

Məsələn, bir insan oturub özü araşdırma aparmır, mənbələrə baxmır, fikirlərini toplamır. Sadəcə süni intellektə mövzunu yazır və bir neçə saniyədən sonra hazır mətn qarşısına çıxır. 

Həmin şəxs isə mətni oxumadan belə olduğu kimi paylaşır və müəllif olaraq da özünü göstərir. Xüsusilə də özünü eekspert, politoloq, publisist və ya araşdırmaçı kimi təqdim edən şəxslər üçün bu məsələ daha ciddi görünür. 

Belə ki, artıq politoloq öz yazısını süni intellektə yazdırır, publisist hazırlayacağı materialı tamamilə ona həvalə edir, həkim xəstənin şikayətlərini süni intellektə yazaraq nəticə əldə etməyə çalışır. Bu kimi hallarla gündəlik həyatda qarşılaşırıq. 

Süni intellekt nə qədər inkişaf etmiş olsa da, onun verdiyi hər cavabın doğru və konkret vəziyyətə uyğun olduğunu qəbul etmək olmaz. Əlbəttə ki, insan süni intellektdən fikirləri sistemləşdirmək, dil səhvlərini düzəltmək və ya müəyyən ideyalar almaq üçün istifadə edə bilər. Bu, normal haldır. 

Amma bütün yazını ona yazdırıb sonra heç bir əlavə fikir, araşdırma və dəyişiklik etmədən öz adı ilə təqdim etmək artıq başqa məsələdir. Burada bir az da insanın özünə sual verməsi lazımdır. Əgər yazını sən yazmamısansa, araşdırmanı sən aparmamısansa, fikirləri sən formalaşdırmamısansa, onda həmin yazının altında öz adını yazmaq nə dərəcədə düzgündür?

Bu hal xüsusilə sosial şəbəkələrdə də getdikcə daha çox görünür. Uzun-uzadı, çox səliqəli mətnlər paylaşılır. Amma bəzən həmin yazını paylaşan şəxsin mövzu haqqında real biliyinin olub-olması sullar doğurur.  

Ən təhlükəlisi isə insanın zamanla buna öyrəşməsidir. Artıq bu adi vərdişə çevrildikdə insanın analitik düşünmə, təhlil etmə bacarığı da zəifləyir. Hər keçən gün süni intellekt həyatımıza daha çox daxil olacaq. Ona görə də onun imkanlarından düzgün istifadə etmək lazımdır. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: süni intellekt

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью