O₃ ü mühafizə etməsək...

16.09.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün planetimiz üçün son dərəcə əhəmiyyətli bir tarix-Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür. BMT-nin qərarı ilə hər il sentyabrın 16-da keçirilən bu gün bəşəriyyəti görünməz, lakin həyati vacib bir sipəri qorumaq üçün bir araya gəlməyə çağırır.

Ozon təbəqəsini niyə qorumalıyıq?

Yer kürəsində həyatın mövcudluğu incə bir tarazlığa əsaslanır. Bu tarazlığın ən mühüm qoruyucularından biri də atmosferin stratosfer qatında, yerdən təxminən 10-50 km hündürlükdə yerləşən Ozon təbəqəsidir. Ozon (O₃) qazından ibarət olan bu nazik lay planetimizi Günəşin məhvedici təsirlərindən qoruyan təbii bir filtr rolunu oynayır.

Ozon üç oksigen atomundan ibarət olan bir qazdır. Atmosferin yuxarı qatlarında Günəşdən gələn güclü ultrabənövşəyi (UV) şüalar oksigen molekullarını (O₂) parçalayır və sərbəst oksigen atomları digər oksigen molekulları ilə birləşərək ozonu əmələ gətirir.

Bu təbəqə Günəşin yaydığı zərərli ultrabənövşəyi(UV-B) şüalarının demək olar ki, 97-99%-ni udur. UV-B şüaları yüksək enerjili şüalardır və birbaşa Yer səthinə çatsa, həyatın mövcudluğu qeyri-mümkün olar.

Qorunmasa, nə olar?

Ozon təbəqəsinin incəlməsi və ya "deşilməsi" (əslində konsentrasiyasının kəskin azalması) Yer üzərindəki bütün canlılar üçün fəlakətli nəticələr doğura bilər.

Zərərli UV-B şüalarının Yer səthinə daha çox çatması insanlarda ciddi sağlamlıq problemlərinə yol açır:

- UV-B şüaları dəri hüceyrələrinin DNA-sını zədələyərək dəri xərçənginin, o cümlədən ən təhlükəli növü olan melanomanın yaranma riskini kəskin artırır.

-Uzun müddət bu şüalara məruz qalmaq kataraktaya (göz bəbəyinin bulanıqlaşması) və digər göz zədələrinə səbəb ola bilər ki, bu da korluqla nəticələnə bilər.

-UV şüaları bədənin immunitet sistemini zəiflədir, insanları yoluxucu xəstəliklərə qarşı daha həssas edir.

Ozon təbəqəsinin zədələnməsi təkcə insanlara deyil, bütün təbiətə zərər verə bilər:

-Yüksək UV şüalanması bir çox kənd təsərrüfatı bitkilərinin (düyü, buğda, soya və s.) böyüməsini ləngidir, məhsuldarlığı azaldır və qidanın keyfiyyətini pisləşdirir. Bu isə qlobal qida təhlükəsizliyinə təhdid yaradır.

-Okeanların səthində yaşayan və dəniz qida zəncirinin əsasını təşkil edən fitoplanktonlar UV şüalarına qarşı çox həssasdırlar. Onların məhv olması balıq ehtiyatlarının azalmasına və bütün dəniz ekosisteminin pozulmasına səbəb olar.

İqlim dəyişikliyi ilə mübarizə lazımdır

Ozon təbəqəsini parçalayan kimyəvi maddələr (məsələn, CFC-lər – xlorftorkarbonlar) eyni zamanda çox güclü istixana qazlarıdır. Onların atmosferə atılmasının qarşısını almaq, təkcə ozon qatını xilas etmir, həm də qlobal istiləşmənin sürətini azaltmağa kömək edir.

Ozon təbəqəsinin qorunması üçün 1987-ci ildə imzalanmış Monreal Protokolu beynəlxalq əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. Bu protokol sayəsində ozonparçalayan maddələrin istehsalı və istifadəsi 99% azaldılıb. Lakin mübarizə bitməyib. Hər birimiz bu mqbarizəyə fərdi olaraq töhfə verməliyir:

-Köhnə soyuducu və kondisionerlərdən doğru istifadə edilməlidir. Tərkibində CFC və ya HCFC olan köhnə cihazları atarkən və ya təmir etdirərkən qazların atmosferə sızmamasına əmin olmaq üçün peşəkar xidmətlərə müraciət etməliyik.

-Ozonun dostu olan məhsullara üstünlük verilməlidir. Belə ki, aerozollar, təmizləyici vasitələr və ya köpük izolyasiya materialları alarkən "Ozon dostu" (Ozone Friendly) və ya "CFC-siz" (CFC-free) etiketli məhsullar seçilməlidir.

-Xidmət sektorunda diqqətli olmalıyıq: kondisioner və soyuducu sistemlərinə xidmət göstərən texniklərin qazı təkrar emal edən və sızmaların qarşısını alan avadanlıqlardan istifadə etdiyinə əmin olmalıyıq.

Ozon təbəqəsi planetimizin damıdır. Onu deşmək öz evimizi Günəşin alovlu və zəhərli şüalarına məruz qoymaq deməkdir. Gəlin bu gün, Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günündə gələcək nəsillər üçün daha sağlam, təhlükəsiz və daha yaşıl bir dünya qoyub getmək üçün bu görünməz sipəri birlikdə qoruyaq!

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью