Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Trampın Ağ Evdə apardığı təmir işlərini tənqid edərək binanın hər tərəfinin qızılla bəzədildiyini bildirib.
Obama bu fikirləri Ohayo ştatında Demokratlar Partiyasına dəstək məqsədilə keçirilən mitinqdə səsləndirib.
Bu barədə "Associated Press” agentliyi məlumat yayıb.
"Bilmirəm, diqqətinizi çəkib, ya yox, amma görünür, o, Ağ Evin təmiri ilə çox maraqlanır. Hər tərəf qızılla örtülüb. O, Ağ Evi elə bir yerə çevirib ki, sanki Səddam Hüseyn "Cheesecake Factory” restoranı açıb”, – Obama deyib.
Sabiq prezident mitinq zamanı Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib, həmçinin onun amerikalıların həyat səviyyəsini yaxşılaşdıra bilməməsini tənqid edib. Obama bildirib ki, Tramp Ağ Evin ərazisində yeni bal zalının və helikopter meydançasının tikintisinə diqqət yetirir.
Obama amerikalıların Trampın prezidentlik müddətinin başa çatmasına qədər daha iki il gözləməli olacaqlarını qeyd edib. Bununla belə, o, seçicilərin Trampın tərəfdarlarının davranışları ilə barışmağa məcbur olmadığını vurğulayıb.
"Biz qanunsuzluq, məsuliyyətsizlik, qəddarlıq və zəhmətkeşlərə qarşı laqeydlik nümayiş etdirən iradəsiz Konqres və respublikaçı qubernatorlarla barışmağa məcbur deyilik. İki illik xaos, qəddarlıq, korrupsiya və səriştəsizlikdən sonra "Bəsdir, artıq kifayətdir!” demək imkanınız olacaq”, – Obama bildirib.
///teleqraf///