Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə üzrə 2 470 şagird arasında keçirilən sorğunun nəticələrinə əsasən, onların yalnız 27 faizinin seçdiyi peşə ilə mövcud bacarıqları üst-üstə düşüb.
APA xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “Peşə Təhsili Forumu” çərçivəsində keçirilən “Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə gənclərin hansı ixtisası seçməli olduqlarını müəyyənləşdirmək məqsədilə sorğu keçirilib:
“Bu məqsədlə ölkə üzrə 2 470 şagird arasında sorğu aparılıb. Sorğunun nəticələri əsasında şagirdlərin hansı peşələrə meyil göstərdiyi və gələcəkdə hansı ixtisasları seçmək istədiyi təhlil olunub. Sorğuda iştirak edən şagirdlərin yalnız 27 faizinin seçdiyi peşə ilə mövcud bacarıqları üst-üstə düşüb. Bu isə o deməkdir ki, hər dörd şagirddən təxminən biri öz bacarıqlarına uyğun peşə seçimi edir”.
E. Səfərli qeyd edib ki, bununla bağlı müxtəlif peşə istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir.
O, həmçinin şagirdlərin bacarıqlarının müəyyənləşdirilməsi və onların həmin bacarıqlara uyğun peşə istiqamətlərinə yönləndirilməsi istiqamətində sistemli iş aparılmasının zəruriliyini vurğulayıb.