Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Türkiyə Prezidentin baş məsləhətçisi və Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum "Terrorsuz Türkiyə" prosesi ilə bağlı mühüm açıqlamalar verib.
Uçum “Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi Qanunu” ilə yaradılan Monitorinq və Qiymətləndirmə Şurasının işinə toxunaraq, şura daxilində dörd alt komitənin yaradıldığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Uçum PKK terror təşkilatının lideri Abdullah Öcalanın Silahsızlaşdırma və Strateji Koordinasiya Alt Komitəsində rol alacağını açıqlayıb. Öcalan MHP sədri Dövlət Baxçalının başlatdığı prosesdə PKK-nı silahı buraxmağa çağırmışdı. Son mərhələdə isə çərçivə qanunu təklifi parlamentdə rekord səs çoxluğu ilə qəbul edilərək qanuna çevrildi.
Qanun 1 iyun 2005-ci il tarixindən əvvəl ağırlaşdırılmış ömürlük həbs cəzası alan və ya ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edən cinayətlər törədənləri istisna edir. Bu, o deməkdir ki, Öcalan və idarəetmə komandası bu qanundan faydalana bilməz.
Uçum Öcalana veriləcək tapşırığın fərqli şəkildə qiymətləndirilməməli olduğuna işarə edərək, İmralıdakı yaşayış yerinin həbsxanaya bağlı əlavə bir bölmə kimi tikildiyini söyləyib. Bunun Öcalanın prosesdəki rolunu daha yaxşı yerinə yetirməsi üçün yaradılan bir fürsət olduğunu bildirən Uçum bunu PKK liderinin azadlığa buraxılması kimi şərh edilməməli olduğunu söyləyib: “Bu, Öcalanla aparılan bir dialoq prosesidir. Məqsəd aydındır. Terror təşkilatının ləğvini təmin etməkdir".
Öcalanın terror məsələsində həmsöhbət olduğunu vurğulayan Uçum tapşırıq və iş mühiti ilə bağlı bunları söyləyib:
"Təşkilatı kim qurursa və silahın istifadəsinə kim icazə verirsə, onu ləğv edəcək də odur. Əks halda, dövlət bunu təhlükəsizlik siyasəti vasitəsilə edər. Dialoqda müraciət edilən şəxsin öz vəzifəsini yaxşı yerinə yetirməsi üçün bir komissiyaya təyin edilməsi və onun daha rahat bir mühitdə işləməsi zərurətdir, bu, verilən bir imtiyaz deyil. Söhbət sadəcə tapşırıq üçün tələb olunan mühiti təmin etməkdən gedir, bundan başqa heç nə doğru deyil".
Uçum, həmçinin hər bir fərddən faydalanmaqla bağlı hüquqi müddəaların olduğunu qeyd edib və məhkum vasitəsilə aparılan dialoqa toxunub:
"Əgər terror təşkilatının dağıdılması ilə bağlı məhkum vasitəsilə dialoq aparırsınızsa, bunda qanunsuz bir şey yoxdur. Fövqəladə proseslər fövqəladə sistemli metodlarla həll olunur".
Xatırladaq ki, TBMM-nin Ədliyyə Komitəsi yay aylarında "Terrorsuz Türkiyə" prosesinin hüquqi əsasını təşkil edəcək 12 maddəlik çərçivə qanun layihəsi ilə bağlı müzakirələr aparıb, “Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi haqqında” qanun layihəsi 467 səslə qəbul edilib.
Qanunun qəbulundan sonra Monitorinq və Qiymətləndirmə Şurası yaradılıb. Onun ilk iclasında şuranın fəaliyyəti və prosesdə iştirak edən bütün dövlət qurumları tərəfindən ən yüksək səviyyədə görüləcək işlərin əlaqələndirilməsi ətraflı müzakirə edilib.
Şuranın tərkibində Məhkəmə və Hüquq İşləri Koordinasiya Alt Komitəsi, Monitorinq və Aşkarlama Alt Komitəsi, Sosial Birlik və İnteqrasiya Alt Komitəsi. Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsi yaradılıb. Yaradılmış alt komitələrin silahların təhvil verilməsi və sahədə yoxlama mexanizmi üzərində işləməsi gözlənilir. Onlar silahların harada, hansı müddətə və hansı üsulla təhvil veriləcəyini izləyəcəklər.
Məhkəmə prosesləri üçün yaradılan alt komitəyə Ədliyyə Nazirliyinin rəsmilərinin, icrada iştirak edəcək hakimlərin və prokurorların daxil edilməsi gözlənilir. Bu struktur təhvil verilmiş təşkilat üzvlərinin sənədlərini hüquqi statuslarına görə təsnif etməyi hədəfləyir. Lakin hökmün icrasının təxirə salınması qərarını alt komitə deyil, hakim verəcək.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin