Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır. Dünən Odessada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi qeyd olunub.
Mia.az-ın məlumatına görə, "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının təşkilatçılığı ilə təşkil olunan tədbirdə təşkilatın idarə heyəti üzvləri, yerli qonaqlar və soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib.
Sonra hər iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin moderatorluğunu edən Ukrayna vəkillər kollegiyasının üzvü, hüquqşünas Aydın Əliyev cümhuriyyət tarixinə qısa ekskursiya edib və ADR mövcud olduğu zaman insan haqqlarına xüsusi önəm verildiyini, hətta 20-ci əsrin əvvəlində şərq ölkəsində qadınların seçmək və seçilmək hüququnun tanındığını xüsusi vurğulayıb.
"Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanov bütün qonaqları salamlayıb və 107 il öncə yaranan Azərbaycan dövlətinin sükanının bu gün də prezident İlham Əliyevin timsalında əmin əllərdə olduğunu və artıq dünyada söz sahibi olduğunu qeyd edib.
Odessa İqtisad universitetinin keçmiş rektoru, professor Zveryakov Mixail İvanoviç Azərbaycan- Ukrayna dövlətlərarası münasibətlərdən, dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin tarixindən danışıb.
Natiq mərhum dövlət başçısı Heydər Əliyev dönəmində bu əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.