525.az saytına istinadən Icma.az xəbər verir.
Bu yaxınlarda, britaniyalı (eyni zamanda amerikalı) məşhur kinorejissor, ssenarist və prodüser Sir Kristofer Nolanın “The Odyssey” adlı filmi tamaşaçılara təqdim edildi. Film, adından da bəlli olduğu kimi, Homerin “Odisseya” əsərindən ilhamlanaraq ssenariləşdirilmiş və ərsəyə gətirilmişdir. Filmin texniki baxımdan şah əsər olduğu bir çox kino tənqidçiləri tərəfindən dilə gətirilmiş, ssenari üzərinə isə bir çox perspektivdən rəylər ortaya qoyulmuşdur. Biz bu yazımızda filmi texniki cəhətdən deyil, ssenarisi və Nolanın təqdim etmək istədiyi, yaxud daha doğrusu desək, Homerin əsərini necə anladığı baxımından təhlil edəcəyik.
İlk olaraq bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, dastandakı bir neçə hissənin çıxarılması hekayənin təsiredici qüvvəsini əsla azaltmamışdır. Hətta ssenariyə keçirilən hissələrin təsir qüvvəsi dialoqlar vasitəsilə gücləndirilmiş və hisslər tamaşaçılara daha güclü şəkildə ötürülmüşdür.
Lakin filmin ssenarisində önəmli bir məqam var: Nolan Odisseyi yalnız bir qəhrəman kimi deyil, eyni zamanda tanrılar tərəfindən həm cəzalandırılan, həm də istiqaməti dəyişdirilən bir xarakter kimi göstərmişdir. Xüsusilə Troya hadisəsi bir qələbə olmaqla yanaşı, hiyləkarlıq yolu ilə qazanılmış bir zəfər kimi təqdim edilmişdir. Bəzi xarakterlər Troya müharibəsini lazımsız bir qətl hadisəsi kimi ifadə etmiş, bəziləri isə ondan nəğmələrini bəzəyən bir simvol kimi istifadə etmişlər. Hətta Odisseyin Troyada vuruşarkən Afinanı görməsi və Afinanın ona təəssüf hissi ilə baxması insanların beynində yer etmiş bir çox düşüncələrin sarsılmasına səbəb olmuşdur. Belə olan halda insanların düşüncəsində bir sual yaranır: Troya qələbəsi doğrudan da “qələbə” idimi?
Nolanın filmində Troya qələbəsi Zevsin mövcud nizamının pozulmasına və dünyanın bu hadisədən sonra nizamtanımaz qüvvələrin hakimiyyəti altına düşəcəyinin başlanğıcı kimi qələmə verilmişdir. Axeylər (Odisseyin yer aldığı yunan qüvvələri) nizamı pozaraq troyalılara hədiyyə təqdim edib onları aldatmış və nəticədə sülh rəmzi olan məşhur Troya atı vasitəsilə qalanın içindən troyalılara hücum edərək onları məğlub etmişdilər. Bu, Zevsin nizamının pozulmasına və nizamsızlığın iqtidar olmasına səbəb olmuşdur. Rahatlıqla qeyd edə bilərik ki, Kristofer Nolanın “The Odyssey” filmi sadəcə Homerin məşhur dastanının ekranlaşdırılması deyil, həm də Qərb sivilizasiyasının mənəvi və siyasi başlanğıclarını yenidən düşünmək üçün bir fürsət kimi dəyərləndirilə bilər.
Bəs Troya qələbəsi Homerin əsərində necə qələmə verilmişdir? Əslində, Nolanın üstün olduğu xüsus Homeri yaxşı şəkildə anlamağı və bunu tamaşaçılara da çatdıra bilməsidir. Çünki Homerin əsərində Troya bir qələbə kimi verilməklə yanaşı, eyni zamanda uğursuz bir müharibə kimi də qeyd edilmişdir. Yelenanın əri Menalaya xitabını qeyd edək:
“Məncə, bu gənc olsa-olsa Telemaxdır,
igid ürəkli Odisseyin oğlu.
Odissey onu hələ südəmər körpə ikən qoyub getmişdi,
Axeylər mənim ucbatımdan
Troya üzərinə yürüş edəndə.
Mənim, o həyasız qadının ucbatından,
hamısı o məşum və uğursuz hərbə atılmışdı”.
Görüldüyü kimi, Troya qələbəsinin fəlsəfi müzakirəsi Homerin əsərində də mövcuddur. Nolanın etdiyi və bizə təqdim etmək istədiyi Homerin mətnini tarixi fakt kimi deyil, simvolik və fəlsəfi baxımdan oxumağımızdır.
Mənim fikrimcə isə Troya hadisəsi yalnız bir şəhərin süqutu deyil. O, insanlıq tarixində açıq qəhrəmanlıq dövründən strateji hiylə və siyasi praqmatizmin üstünlük qazandığı yeni mərhələyə keçidin rəmzidir. Əgər Troya müharibəsinin əvvəlində güc, cəsarət və döyüş bacarığı əsas dəyər idisə, müharibənin taleyini həll edən Troya atı artıq başqa bir düşüncə tərzini təmsil edirdi. Burada qələbəni qılınc deyil, plan, səbir və hiylə təmin edir.
Simvolik baxımdan Troya atı daha geniş mənalar daşıya bilər. O, bəşər tarixində qəhrəmanlıq etikasından siyasi hesablamaya keçidin başlanğıc nöqtəsi kimi də qeyd edilə bilər.
Troya hadisəsini simvolik baxımdan Qabil hekayəsi ilə müqayisə etmək də mümkündür. İbrahimi dinlərin müqəddəs mətnlərində Qabil qardaş qətlinin və insanlıq tarixində ilk böyük əxlaqi pozuntunun simvolu kimi təqdim olunur. Troya da açıq mübarizənin yerini strateji hiylənin aldığı yeni tarixi düşüncənin simvolu kimi şərh edilə bilər.
Burada məqsəd Troya ilə Qabil arasında tarixi və ya dini bənzərlik qurmaq deyil, hər iki hadisəni insan düşüncəsində baş verən fərqli dönüş nöqtələrinin rəmzi kimi dəyərləndirməkdir.
Kristofer Nolan Homerin mətninə sadiq qalmaqla yanaşı, bu simvolik qatları da nümayiş etdirə bildiyi üçün “The Odyssey” sadəcə antik eposun ekranlaşdırılması deyil, həm də müasir insanın sivilizasiya, güc, siyasət və əxlaq haqqında yenidən düşünməsinə səbəb olan bir əsərə çevrilmişdir.
Nicat Mədətli
Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis