Lent az saytına istinadən Icma.az xəbər verir.
Tarixi hadisələri, böyük döyüşləri və qədim əfsanələri sevənlər üçün 2025–2026-cı illərin yeddi maraqlı filmi seçilib.
Tarixi filmlər yalnız keçmişdə baş verən hadisələri canlandırmaqla məhdudlaşmır. Bəzi rejissorlar real döyüşləri və üsyanları ekranlaşdırır, digərləri isə tarixi hadisələri mifologiya, döyüş sənəti və fantastik elementlərlə birləşdirirlər.
Lent.az tarixi atmosferi, təsirli süjetləri və möhtəşəm səhnələri ilə diqqət çəkən yeddi filmi təqdim edir.
“Kondor qəhrəmanlarının əfsanəsi: Böyük qəhrəman” (2025-ci il)
Hadisələr Cənubi Sun sülaləsinin hakimiyyəti dövründə Çində baş verir. Ölkə monqol qoşunlarının hücum təhlükəsi ilə üz-üzə qalır. Əsas qəhrəman döyüş sənəti ustası Qo Cindir. O, vətənini müdafiə etmək üçün mübarizəyə qoşulur və xalq qəhrəmanına çevrilir. Film çinli yazıçı Cin Yunun əsəri əsasında çəkilib. Tarixi hadisələr, macəra və fantastika elementləri bir araya gətirilib. Ekran əsərinin ən diqqətçəkən xüsusiyyətlərindən biri Şərq döyüş sənətinin ənənələrinə uyğun hazırlanmış möhtəşəm döyüş səhnələridir.
“Üsyan” (2026-cı il)
Film tamaşaçıları 1381-ci ilin İngiltərəsinə aparır. Ağır vergilər və sosial ədalətsizlik kəndliləri kral II Riçardın hakimiyyətinə qarşı üsyana sövq edir. Adi bir kəndli xalqın etiraz hərəkatının fəal iştirakçısına çevrilir. Rejissor Pol Qrinqrass tarixi hadisələri romantik qəhrəmanlıq hekayəsi kimi deyil, sərt və dramatik mübarizə şəklində təqdim edir. Endryu Qarfild, Ceymi Bell və Kosmo Carvisin rol aldığı ekran əsərində ədalət uğrunda mübarizənin zorakılıq və faciələrlə müşayiət olunduğu göstərilir.
“Teymurləng” (2026-cı il)
Film məşhur sərkərdə Əmir Teymurun hakimiyyətə yüksəlişindən bəhs edir. Hadisələr Monqol imperiyasının parçalanmasından sonra Mərkəzi Asiyada gedən siyasi və hərbi mübarizələr fonunda inkişaf edir. Baş qəhrəman hərbi liderlikdən geniş əraziləri öz hakimiyyəti altında birləşdirən hökmdara qədər çətin yol keçir. Böyük İpək yolunun tarixi, Şərq dövlətləri arasındakı siyasi ittifaqlar və çöl döyüşləri ekran əsərinin əsas mövzularındandır. Filmin rejissoru Ceykob Şvartsıdır.
“Kralın gözətçisi” (2026-cı il)
Cənubi Koreya istehsalı olan tarixi dram XV əsrdə Coson sülaləsinin hakimiyyəti dövründə baş verən hadisələrə əsaslanır. 1455-ci ildə gənc kral Tançon öz əmisi tərəfindən taxtdan salınır. Sonradan sürgün edilən keçmiş hökmdarın taleyi kasıb kənd başçısı Om Hın-do ilə kəsişir. Filmdə böyük döyüşlərdən daha çox sədaqət, dostluq, insan münasibətləri və saray çevrilişinin ağır nəticələri ön plana çıxarılır.
“Qəzəbli şəhər” (2025-ci il)
Hadisələr 1238-ci ildə Rus torpaqlarında baş verir. Batı xanın rəhbərlik etdiyi monqol qoşunları kiçik Kozelsk şəhərinə yaxınlaşır.Düşmənin say və hərbi güc baxımından üstünlüyünə baxmayaraq, şəhər sakinləri sonadək müqavimət göstərmək qərarına gəlirlər. Rejissor Konstantin Buslovun çəkdiyi film Kozelsk şəhərinin mühasirəsinə əsaslanır. Ekran əsərində qanlı döyüşlər, şəhərin müdafiəsi və qaçılmaz məğlubiyyət təhlükəsi qarşısında insanların verdiyi ağır qərarlar təsvir olunur.
“Odisseya” (2026-cı il)
Troya müharibəsindən sonra İtaka hökmdarı Odissey həyat yoldaşı Penelopanın və oğlu Telemaxın yanına qayıtmağa çalışır. Lakin doğma yurda aparan yol onun üçün illərlə davam edən təhlükəli səyahətə çevrilir. Odissey bu müddətdə qədim tanrılar, qorxunc məxluqlar və müxtəlif sınaqlarla qarşılaşır. Məşhur rejissor Kristofer Nolan Homerin eyniadlı poemasını irimiqyaslı mifoloji macəra filminə çevirib. Baş rolu Mett Deymon canlandırır. Aktyor heyətində Tom Holland, Enn Heteuey, Robert Pattinson, Zendaya və Şarliz Teron da yer alırlar.
“Sonuncu şam yeməyi” (2025-ci il)
Tarixi dram tamaşaçıları qədim Yəhudeyaya aparır və İsa Məsihin həbsindən əvvəlki son günlərindən bəhs edir. Hadisələr onun şagirdlərinin baxış bucağından təqdim olunur. Filmin mərkəzində döyüşlər deyil, inanc, şübhələr, sədaqət və yaxınlaşan xəyanət dayanır.
Rejissor Mauro Borrellinin çəkdiyi ekran əsəri dini mövzulara, insanın daxili mübarizəsinə və mənəvi seçimlərinə maraq göstərən tamaşaçılar üçün nəzərdə tutulub.