Odlar yurdunun gözəlliklər məkanı qızılgüllü Zaqatala!

17.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bura dövlət dəstəyini qurub-yaratmaq enerjisinə çevirənlərin yurdudur

Zaqatala təbii gözəlliklərinə görə ən füsunkar bölgələrimizdən biridir. Tanrı sanki buranı xüsusi sevgi və zövqlə yaradıb. Zaqatala qızılgüllər diyarıdır! Jurnalist olmaq  mənə ölkəmizi qarış-qarış gəzmək imkanı verib. Bu vaxta qədər heç bir yerdə Zaqatalada olduğu qədər gül-çiçək, qızılgül görməmişəm. Bu yazının sərlövhəsində də məhz buna görə  “Qızılgüllü Zaqatala” sözləri yer alıb.

Bütün bu təbii gözəlliklərlə yanaşı, bölgənin yurdsevər sakinləri də səliqə-sahmanın, gözəlliyin vurğunudurlar. Hər dəfə rayonun bir-birindən rahat, asfalt yolları boyunca avtomobillə hərəkət edərkən, yolboyu sıralanan səliqəli evlərin eyvanlarındakı güllərə baxdıqca adamın gözü də, qəlbi də sevinir. Deyilənlərə görə, Zaqatalaya bir dəfə təşrif buyuran hər bir qonaq buradan ayrılarkən: “Kaş, bu yerləri yenidən görmək nəsib olaydı!” – deyir.

Bayramlar Zaqatalaya çox yaraşır

El arasında Zaqatalanı “Azərbaycanın İsveçrəsi” adlandırırlar. Rayon rəhbərləri, ziyalılar, sadə əmək adamları, bir sözlə, hər kəs bu gözəllikləri qoruyub daha da artırmaq üçün əlindən gələni edir. Bu barədə ən çox düşünən və qolunu çırmalayıb iş görənlərin önündə, təbii ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dayanır.

İxtisasca mühəndis olan Mübariz müəllim çalışır ki, həm rayon mərkəzində, həm də kəndlərdə aparılan tikinti-quruculuq və abadlıq işləri ən yüksək səviyyədə həyata keçirilsin. Zaqatala bu gün ölkəmizin ən sürətlə inkişaf edən, hərtərəfli uğurları ilə diqqəti özünə cəlb edən bölgələrindəndir.

RİH başçısı bu barədə söz düşəndə dedi:

– Azərbaycanın hər bir bölgəsinin əhalisi kimi, zaqatalalılar da Azərbaycan dövlətinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. Rayon sakinləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini birmənalı olaraq ürəkdən dəstəkləyirlər.

Əziz oxucu, qəzetimizin bu səhifəsini Zaqatalaya həsr etmişik. Məqsədimiz son vaxtlar rayonda görülən uğurlu işlər, əldə olunan nailiyyətlər barədə söz açmaqdır. Halal əməyi həyatlarının bəzəyinə çevirməyi bacaran zaqatalalılar bu diqqətə layiqdirlər.

Bu günlərdə xalqımız böyük ruh yüksəkliyi ilə 44 günlük şanlı Vətən müharibəsində qazandığı tarixi Zəfəri qeyd edib. Zaqatalada da bu münasibətlə şəhid ailələrinin və qazilərin iştirakı ilə möhtəşəm bayram tədbirləri keçirilib. Rayon sakinləri bu toplantılarda böyük həvəslə iştirak ediblər. Zaqatalalılar yaxşı çalışmağı bacardıqları kimi, xalqımızın uğurlarına ürəkdən sevinməyi, bayramları yüksək səviyyədə keçirməyi bacarırlar!  

Şəhid ailələrinə diqqət və ehtiram

Zəfərimiz, əlbəttə, heç də asan başa gəlməyib. Milli Ordumuz yağı düşmənin başını əzərək onu torpaqlarımızdan qovmaq missiyasını yerinə yetirərkən itkilər də verib. Vətən torpağı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz, ağır döyüşlərdə sağlamlıqlarını itirən qazilərimiz var. Azərbaycanın hər yerində olduğu kimi, Zaqatalada da şəhid ailələrinə və qazilərə dərin hörmət və ehtiram göstərilir.

Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi bütün tövsiyə və tapşırıqlar Zaqatalada operativ şəkildə, dərin məsuliyyət hissi ilə icra olunur. Həssas kateqoriyaya aid olan bu ailələrin üzvlərinin münasib işlə təmin olunması, sağlamlıqlarının bərpası üçün bütün müvafiq tədbirlər görülür.

İnsafən, rayonda bu istiqamətdə aparılan işlər dərin razılıq hissi ilə qarşılanır. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva söylədi ki, rayonda göstərilən diqqət və qayğıdan narazı olan şəhid ailəsinə rast gəlmək mümkün deyil.

Qeyd edək ki, Mehparə müəllim əvvəllər şəhid qardaşı Zəfər Murtuzəliyevin adını daşıyan Zaqatala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib. 2022-ci ilin noyabrında elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin olunub. Hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışır.

Yeri gəlmişkən, bu günlərdə Zaqatala Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəbi Mülkümovun yazdığı “Şəhid anası” şeirinə yerli bəstəkar Zeynəb Əliyevanın bəstələdiyi musiqinin təqdimat mərasimi keçirilib. Toplantıya şəhid anaları da qatılıblar. Onlar mərasimdə çıxış edərək möhtərəm Prezidentə dərin minnətdarlıqlarını bildiriblər.

Bu günlərdə Zaqatala şəhərindəki Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən Müharibəsi Qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının zabiti, mayor Şixamir Qaflanovun büstünün açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər Şixamir Qaflanovun şərəfli döyüş yolundan, Vətənə sədaqətindən və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar. Daha sonra tədbir iştirakçıları qəhrəmanın büstü önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, mayor Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Vətən müharibəsində peşəkarlığı və döyüş şücaəti ilə seçilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tikirlər ki, izi qalsın

Zaqatalada tikinti-quruculuq işlərinin miqyası olduqca böyükdür. Şəxsi müşahidələrimə görə, zaqatalalı ustalar həm sürətlə, həm də xüsusi səliqə-sahmanla qurub-yaratmağı bacarırlar.

Rayonda son illər uğurla aparılan tikinti-quruculuq işləri barədə bəzi rəqəmləri yada salmaq istərdim. Bu ilin 9 ayı ərzində bütün maliyyə mənbələri hesabına Zaqatalada 13,5 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri aparılıb. Abadlıq işləri həm rayon mərkəzində, həm də rayonun bütün yaşayış məntəqələrində həyata keçirilir.

Bu ilin əvvəlindən rayonda əsasən yerli sahibkarlar yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisinə 3,1 milyon manat vəsait xərcləyiblər. Bununla yanaşı, fərdi yaşayış evlərinin tikintisinin miqyası da artıb. Belə ki, rayon sakinləri ötən illərdə olduğu kimi, bu il də çoxsaylı fərdi yaşayış evləri inşa etdiriblər.

Bir müddət əvvəl rayonun Kəpənəkçi kəndində modul tipli tam orta məktəb binasının tikintisinə başlanılıb, şəhərin Ərəblinski küçəsində yağış sularının kənarlaşdırılması üçün su arxlarının cari təmiri işləri görülüb. Zaqatala şəhərindəki Nəriman Nərimanov və Faiq Əmirov küçələrində, eləcə də Azərbaycan prospekti ilə Faiq Əmirov küçələrinin kəsişdiyi dairədə təmir və abadlıq işləri davam etdirilib.

Sevindirici haldır ki, son illər Zaqatala Şəhər Bələdiyyəsi də abadlıq işlərinin həyata keçirilməsi istiqamətində xeyli fəallaşıb. Belə ki, bələdiyyənin təşəbbüsü ilə Elvin Məmmədov küçəsinin 300 metrlik hissəsinə qum-çınqıl qarışığı gətirilərək yayılıb, Qazangül ərazisində yerləşən, sahəsi 210 kvadratmetr olan altıaçığın dam örtüyü və məhəccərləri təmir olunub. Rayonun girişindəki Şimşək dairəsində təmir-abadlıq işləri aparılıb. 

İlin əvvəlindən Zaqatala RİH başçısının tapşırığı ilə şəhərin Qarabağ küçəsindəki 3 saylı, Sevil Qazıyeva küçəsindəki 20 saylı, Nəriman Nərimanov küçəsindəki 45 saylı çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt döşənib, ərazilər abadlaşdırılıb.

Bu ilin sonunadək mənzil fondunun təmiri üçün ayrılmış vəsait hesabına Vaqif İsmayılov küçəsindəki 7 saylı binanın, eləcə də Faiq Əmirov küçəsindəki 19 saylı binanın həyətində yerləşən altıaçığın dam örtüklərinin və Ümüd Sadıqov küçəsindəki 14 saylı binanın giriş qapısının təmiri işlərinin başa çatdırılması nəzərdə tutulub. Rayonda magistral və kəndlərarası avtomobil yollarında, körpülərdə, şəhərin küçələrində cari təmir işləri aparılıb, 20 min kvadratmetrdən çox sahəyə asfalt döşənilib.

Son illər rayonda əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı sahəsində bir çox uğurlu layihələr icra olunub. Bununla yanaşı, bu istiqamətlərdə müəyyən obyektiv çətinliklər də mövcuddur. Bu məsələlər Zaqatala RİH başçısının rayonun ayrı-ayrı kəndlərində əhali ilə keçirdiyi mütəmadi görüşlər zamanı da qaldırılır. Rayon rəhbərliyi bu problemlərin operativ həlli üçün əlindən gələni edir ki, bu da sakinlər tərəfindən razılıqla ­qarşılanır.

Aqrar sektorun uğurları

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Vaqif Şabanov təcrübəli, səriştəli təsərrüfatçıdır, rayonun təsərrüfat həyatına yaxından bələddir. Vaqif müəllim bildirdi ki, bu il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən aqrar məsələlərə dair müşavirə yerlərdə böyük əks-səda doğurub. Dövlətimizin başçısı tərəfindən aqrar sektorun qarşıdakı illərdə sürətli inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair ­2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Zaqatalalı fermerlər hazırda Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası üçün bütün imkanlarını səfərbər etməyə çalışırlar. Bu məqsədlə geniş rayon müşavirəsi keçirilib. Toplantıda kənd təsərrüfatı nazirinin müavini İlahə Qədimova, müvafiq respublika və rayon təşkilatlarının nümayəndələri də iştirak ediblər. Müşavirədə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də fermerlərə göstərilən dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat verilib.

DAİM-in direktoru dedi ki, Zaqatala ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq bitkiçilik və heyvandarlıq sahələri xüsusilə mühüm yer tutur. Ötən ilin payızında fermerlər 8 min 268 hektar sahədə taxıl səpini həyata keçiriblər. Bunun 4 min 834,3 hektarını buğda, 3 min 434 hektarını isə arpa təşkil edib. Sahələrdə bol məhsul yetişdirilərək rayon üzrə hər hektardan orta hesabla 37,3 sentner olmaqla, ümumilikdə, 30 min 854 ton taxıl toplanıb. Eyni zamanda, qarşıdakı təsərrüfat ili üçün keyfiyyətli şum işləri aparılıb.

Bu il 3 min 879 hektar sahədə yazlıq dənlik qarğıdalı əkilib, qarğıdalı sahələrində kompleks aqrotexniki tədbirlərə riayət olunub. Rayonun və ətraf rayonların qarğıdalıbiçən kombaynları və digər texnikaları cəlb edilməklə, 2 min 320 hektar sahədə biçin aparılıb və yüksək nəticə əldə olunub.

Rayon üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələr çayçılıq və gülçülükdür. Rayonda çay sahələrinin artırılması istiqamətində işlər davam etdirilir. Cari mövsümdə rayonun tütünçü fermerləri tərəfindən tütün əkini məqsədilə 374,3 hektar sahə üzrə müqavilə bağlanıb. Sahələrdə tütün yığımı davam edir. Tədarükçülərə artıq 598,8 tondan çox quru tütün təhvil verilib.

Fındıq rayonun əsas ixracyönümlü məhsulu hesab olunur. Fındıq sahələri 20 min 193,5 hektar təşkil edir. 17 min 740 hektar barverən fındıq bağlarında mövsümi aqrotexniki tədbirlər həyata keçirilib, budama, təmizləmə, üzvi və mineral gübrələrin verilməsi işləri davam etdirilib. Eyni zamanda, fındıq bitkisinin əsas zərərvericilərindən olan qəhvəyi mərmər bağacığına qarşı mexaniki və bioloji mübarizə tədbirləri, həmçinin fermerlərin maarifləndirilməsi istiqamətində işlər aparılıb.

Zaqatalada bu ilin əvvəlində 51 min 900 baş iribuynuzlu, 135 min 340 baş xırdabuynuzlu mal-qara, 33 min 889 arı ailəsi qeydə alınıb. Bu yaxınlarda ayrı-ayrı kəndlər üzrə süni mayalanma yolu ilə alınmış buzovların monitorinqi həyata keçirilib. 2026-cı ilin fevral ayında Acınohur qış otlaqlarında monitorinq aparılıb, qoyunçuluqla məşğul olan fermerlərlə görüşlər keçirilib, damazlıq işləri ilə bağlı mütəxəssis məsləhətləri verilib.

Rayon ərazisində fəaliyyət göstərən süni mayalanma mütəxəssisləri tərəfindən 2026-cı ilin 9 ayı ərzində 4 min 758 baş inək mayalandırılıb və onlardan 2 min 862 baş sağlam buzov alınıb. Rayonun Əliabad qəsəbəsində Zaqatala Regional Təlim Mərkəzinin mütəxəssislərinin və Zaqatala DAİM-in əməkdaşlarının iştirakı ilə südlük mal-qarada mastitin profilaktikası, sağım gigiyenası və südün keyfiyyətinin qorunması ilə bağlı təlim keçirilib.

Bu ilin əvvəlindən 651 ədəd kənd təsərrüfatı texnikası növbəti texniki baxışdan keçirilib, 179 ədəd yeni texnika dövlət qeydiyyatına alınıb. 40 ədəd istismara yararsız kənd təsərrüfatı texnikası, o cümlədən 6 ədəd “Niva” markalı taxılyığan kombayn qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, texniki baxışdan və dövlət qeydiyyatından yayınan 18 mexanizator inzibati qaydada cərimə olunub.

Çənlibelli Zaqatala

Adətən, bölgələrdən yazdığım yazılarımı şeir parçaları ilə bitirirəm. Zaqatala haqqında çoxsaylı gözəl şeir nümunələri və mahnı sözləri var. Bu məqamda tanınmış bəstəkar Bəxtiyar Kərimovun “Zaqatala” adlı məşhur mahnısının tanış melodiyası yadıma düşdü. Yeri gəlmişkən, bu gözəl mahnının sözlərini bəstəkar özü yazıb:

Üzə gülür bu yerlərin torpağı,
Sıra dağlar bir-birindən qocadır.
Göz oxşayır hər çiçəyi, yarpağı,
İnsanları dağlarından ucadır.

Mahnı Xalq artisti, təkrarsız səs tembri ilə yaddaşlarda əbədi yaşayan unudulmaz Rübabə Muradovanın ifasında məşhurlaşıb. Mahnının nəqəratı da yaddaqalandır:

Görən sənə aşiq olur,
Çənlibelli Zaqatala,
Qızılgüllü Zaqatala.

Sonda onu da qeyd edək ki, Çənlibel adlandırılan məkan rayonun ən populyar istirahət mərkəzlərindəndir. Zaqatala bu gün ölkəmizin ən böyük turizm bölgələrindən biri sayılır. Çənlibel isə turistlərin çox sevimli yeridir.

İlqar HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью