Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
24 avqust 2025-ci ildə İstanbul boğazı üzərindən keçirilən Qitələrarası üzgüçülük yarışı zamanı itkin düşən rusiyalı üzgüçü Nikolay Andreyeviç Sveçnikovun anası Qalina Sveçnikova Moskvaya getməzdən əvvəl jurnalistlərə açıqlama verib.
İdman.Biz xəbər verir ki, Qalina Sveçnikova beş aydır davam edən qeyri-müəyyənliyin ailə üçün son dərəcə ağır olduğunu bildirib
“Nəhayət bilirik ki, oğlumuz yanımızdadır. Demək olar ki, ümid qalmamışdı. Onu tapdığımızın bizim üçün nə demək olduğunu sözlə ifadə etmək mümkün deyil”, - deyə ana söyləyib.
O, ailənin ilk gündən oğlunun boğulduğuna inanmadığını vurğulayıb. Sveçnikovanın sözlərinə görə, İstanbul boğazında cəsəd tapıldığı xəbəri ilk dəfə yayılanda ailə böyük qorxu və ağrı yaşayıb, lakin son ana qədər Nikolayın sağ olduğuna ümid ediblər. DNT ekspertizasının nəticələri isə bütün şübhələrə son qoyub.
Sveçnikova xüsusilə diqqət çəkib ki, Nikolayın cəsədinin məsafənin başlanğıcında deyil, məhz finişə yaxın ərazidə tapılması suallar doğurur:
“Onun finişə qədər çata bilməsinin səbəbi fiziki dözümlülüyü idi. Uşaqlıqdan üzgüçülük və digər idman növləri ilə məşğul olub, çox güclü idi. Üzgüçülük zamanı təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmayıb. Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun rəsmi nəticələrini gözləyirik. Niyə boğuldu? Bu niyə baş verdi? Biz Nikolayın başına nə gəldiyini bilmək istəyirik”.
Ailənin vəkili Alperen Çakmak isə axtarış işlərinin guya 1000 saatdan çox davam etdiyini desə də, cəsədin məhz yarışın keçirildiyi ərazidə tapılmasının ciddi suallar yaratdığını qeyd edib. O, həmçinin itkinlik dövründə yayılan saxta xəbərlərin ailənin ağrısını daha da artırdığını vurğulayıb.
Vəkilin sözlərinə görə, ailə yarışın təşkilatçıları ilə bağlı səhlənkarlıq iddiası ilə prokurorluğa müraciət edib və hüquqi proses davam etdiriləcək.
Xatırladaq ki, Nikolay Andreyeviç Sveçnikov 24 avqust 2025-ci ildə Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan İstanbul boğazı üzərindən Qitələrarası üzgüçülük yarışı zamanı finişə çata bilməyib. Bundan sonra genişmiqyaslı axtarışlara start verilib. 20 yanvar tarixində Kuruçeşmə sahilində sudan çıxarılan cəsədin Nikolaya aid olduğu DNT ekspertizası ilə təsdiqlənib.