Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsraildə keçiriləcək növbəti parlament seçkiləri öncəsi siyasi mənzərə dəyişir. Ehtiyatda olan general, İsrail Müdafiə Ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunun əsas rəqibi kimi ön plana çıxıb.
Modern.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) yazıb.
Nəşrin məlumatına görə, Ayzenkotun rəhbərlik etdiyi mərkəzçi "Yaşar" Partiyasının reytinqi son aylarda əhəmiyyətli dərəcədə artıb. Sorğular göstərir ki, partiya hazırda Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyası ilə demək olar eyni səviyyədə dəstəyə malikdir.
Məlumata əsasən, İsraildə parlament seçkilərinin oktyabrın sonunadək keçirilməsi gözlənilir. Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan, eləcə də Qəzza, Livan və İranla müharibələrdən sonra keçiriləcək ilk ümummilli seçki olacaq.
WSJ yazır ki, təxminən 19 il baş nazir olmuş Netanyahu bu dəfə ciddi siyasi mübarizə ilə üz-üzədir. Bunun əsas səbəblərindən biri İranla müharibənin nəticələrinə görə hökumətin ölkə daxilində sərt tənqid olunmasıdır.
"Agam Labs"ın iyunda keçirdiyi sorğuya əsasən, israillilərin 92 faizi hesab edir ki, İran son müharibədə ya qalib gəlib, ya da ondan fayda əldə edib.
Ayzenkotun populyarlığını artıran əsas amillərdən biri də şəxsi faciəsidir. O, 2023-cü ilin oktyabr hücumundan sonra Netanyahu hökumətinə qoşulsa da, səkkiz ay sonra baş naziri müharibəni uzatmaqda və girovların həyatını riskə atmaqda ittiham edərək istefa verib.
Generalın 25 yaşlı oğlu Qal Ayzenkot Qəzzada döyüşlər zamanı həlak olub. Həmin müharibədə onun iki qardaşı oğlu da həyatını itirib. Oğlunun dəfn mərasimində göz yaşlarını saxlaya bilməyən generalın şəxsi faciəsinin seçicilərdə böyük rezonans doğurduğu bildirilir.
İsrail Dövlət Televiziyasının sifarişi ilə keçirilən son sorğuya görə, həm Netanyahu, həm də Ayzenkotun partiyalarının parlamentdə 23 mandat qazanacağı proqnozlaşdırılır. Digər müxalifət lideri Naftali Bennett isə 16 mandatla geridə qalır.
Baş nazir postuna daha layiqli namizədin kim olduğu barədə sorğuda respondentlərin 41 faizi Ayzenkotu, 40 faizi isə Netanyahunu seçib.