Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Həmid uşaqlıqdan hərbçi olmaq, xüsusi təyinatlı qüvvələrdə xidmət etmək istəyirdi və arzusuna çatmışdı. Vətən qeyrəti onun üçün hər şeydən üstün idi. Arzuları çox idi, amma torpağına olan sevgisi bütün arzularını üstələdi. Onun sevgisi Vətən oldu, torpaq oldu, bayraq oldu".
Şəhid Həmid Abbasbəylinin anası Gülnarə Məmmədova Modern.az-a oğlu ilə bağlı xatirələrini bölüşüb:
"Oğlumu sonuncu dəfə görəndə onun müharibəyə yollandığını bilmirdim, təlimə getdiyini düşünürdüm. Sonuncu dəfə məni bağrına bərk basdı, qoxumu dərindən içinə çəkdi və dedi: ‘Hamı səni çox sevəcək’.
O gün çox sevincli görünürdü. Sanki çoxdan gözlədiyi bir arzunun ardınca gedirdi. Ayrılarkən isə ‘Sənin oğlun qəhrəman kimi qayıdacaq’ söylədi. Həmin vaxt bu sözləri müharibəyə yollanan oğlunun vədi kimi anlamışdım.
Şəhidin anası onun üçün nə qədər ağır və çətin olsa da, bu ağrını, bu acını fəxrlə, qürurla çəkdiyini deyib:
"Mən fəxr edirəm ki, oğlum Vətənə layiqli, xeyirli övlad oldu. Həmid mənə şərəfli yaşamağı, başımı dik tutmağı öyrətdi. Acımız qürurumuzdur, qürurumuz acımızdır. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Abbasbəyli Həmidin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Nicat Rüstəm