Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Sağlamlıq Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Əli Nur şəhidlərin və qazilərin şücaətindən danışıb, onlara minnətdarlığını bildirib. O, şəhid oğlu Rövşən Nurzadənin Qarabağa qayıtmaq arzusundan da söz açıb.
“Məktəb illərində Qarabağda olmuşdu. Oranı görüb qayıdandan sonra Qarabağa ayrı bir bağlılığı yarandı. Hərbi təhsilini başa vurduqdan sonra Qarabağda xidmət etdi”, – deyə Əli Nur bildirib.
Xalq artisti oğlunun əsgərlərinə qayğısını da xatırlayıb.
“Əsgərlərinin qeydinə qalır, onlara şəfqətlə yanaşırdı. Məndən spirt, bint, pambıq istəyirdi. Öz maaşından da əsgərlərinə vəsait ayırırdı. Səngərdə nə çatışmırdısa, tamamlayırdı, əsgərlərini darda qoymurdu”.
Əli Nurun sözlərinə görə, Rövşən ikinci təhsilini iqtisadiyyat üzrə alıb və bir müddət bu sahədə çalışıb. Həmin dövrdə də hərbçilərlə tez-tez söhbət edərmiş. “Oğlumun ürəyi hərblə döyünürdü”, – deyə şəhid atası qeyd edib.
Çıxışının sonunda Aşıq Ələsgərin “Özün getdin, sözün qaldı dünyada” misrası ilə bitən bəndini səsləndirən Xalq artisti Vətən uğrunda döyüşən əsgərlərin fədakarlığını vurğulayıb.
“Onlar Vətən uğrunda mübarizə apararkən canlarından keçə biləcəklərini bilirdilər. Onların sayəsində biz bu gün Zəfəri qeyd edirik”, – deyə Əli Nur bildirib.