Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində Əlibala Əhmədovun yeni şeirləri

04.02.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.

Zəif yağış yağır
çayırı solmuş
həyətin üzünə
parıldayır
solğun lampanın işığı ilə qara torpaq..

Siqaret çəkirəm,
evə çıxıram,
düşürəm

kədərlənirəm - amma utanıram

ən çox...

Necə verəcəm
hər şıltaq niyyətimdə
xırda sevincimdə
kükrəyib bir işıq kimi tez
keçən qəzəbimdə

üzümə gülən o sevginin əvəzini?..

Necə unudacam

Xəstə, əzab çəkən nəfəsdən

gələn

pak gülüşdən düşən

"Balam yaxşı kökəlib"i?..

....Oğlun tək qalacaq, ana.
Qurumuş əllərin
balaca əzgillərin
rəngi idi,
gözlərin -
solmuş gözlərin - yaşadığımız
hər şeyin

durulmuş gölü...

O küçələr, o xəstəxanlar daha bizi görməyəcək
daha görməyəcəklər
o baş ağrıdan təzə liftlərdə

əllərindəki kağıza baxıb

xırdda ümiddə dirilib - canlanan

gələcəyə inanan

bir ana, bir övladı...

Daha görməyəcəklər

ağrıyan canını unudub

böyütdüyünə

"bağışla ki, bir günlük dincliyini pozdum"

("yuxunu ovdum") deyən bir ucalığı...

Əllərin əzgillərin rəngi idi.

qurumuş, əzgil rəngli əllərinin
qoxusunu içimə çəkdim.
İçimə çəkərdim uşaqkən
yatmaq istəyəndə
göy - naxışlı
nazik şalının şirin qoxusunu.

Ağlayardım, aşmaq istərdim

səni aparan

səni məndən ayıran bir həyətlik uzaqlığı.

Şalının qoxusunda qorxusuzluq tapardım...

dadını tapardım

qəbul olmuş bir duanın.

Qurumuş, əzgil rəngli əllərindən qalmış
ətri ovcumdan dənləyirdim, ana
xəstə yatağında
mənlə son dəfə aydın danışdığın o günün gecəsində.


Qırıq sözlərini ürəyimə yığırdım,

Həyatı unudub,

Ölümü anlayırdım.

Saçlarımı sığallayıb güclə "get yemək ye" demişdin.

..... Oğlun tək qalacaq - bərk gələn bir siqnalın səsində
bir payız küləyində
qışın üşütməsində

burnundan axan qripdə

- tək qalacaq..

Sevginin saçaqlı günəşindən yox olacaq.

Axtarmayacaq daha səninlə olan yaşamın dadını...

Axtarmayacaq daha heç kəs sənintək onu,

biraz da sevmək, biraz da fəda olmaq üçün...


.... Əllərinin əzgil tamı ömrümün pənahıtək qalacaq...

(16 dekabr -, Anamın xərçəngdən ölümünə 4 gün qalmış, 2025, 23:07)

***

Qayıtmayacaq daha heçnə - Yaşam bir daha əvvəlki tək bitməz görünməyəcək...
Uşaqlıq - xəyali bənövşəyi saraya
bənzəyən o şey
indi hardasa toxunulmazdır,
sınmaz- bütöv
amma bizim yolumuz itib.

(Əziz qardaşım sənin necə etdiyini bilmirəm)

Amma mən
narıncı, sevimli buzovunun
heyva yarpaqları üstündə
atılıb - düşməsini izləyən
bir balacanı xəyalı edirəm...

(İndi ancaq bu cür çarə düzəldirəm)

Buzovu saralmış yarpağı ağzına götürsə də hələ çeynəyə bilməyib
yerə atır.

Sarı günəşin altında
sarı masanın üstündə
sapsarı yağ parçası - nə əriyir
nə də azalmır sanki
artıq bizim nəfəsimizdən
uzaqda
xoşbəxt keçmiş - əbədi kimsəsizdir

və günəşini izləyərkən
gözlərin qamaşmaq əvəzinə soyuq yaşla islanır.

Mən səninlə yenidən girmək
istərdim
həmin bənövşəyi
saraya - uşaqlığa,
yenidən iri arxın yanında
qamışlıqda həmin yuvanı tapmaq istərdim,
izləmək istərdim yenidən bir yay səhərində
sarı qızıltək
ispan bayrağını ekranda göstərən
həmin o
bilgi verilişini,

İllər çox idi, uzun idi
və uzaq - uzaq ölkələrin şəlaləri
yeni nağılların
sirrini səsində gizlədirdi
və biz getməliydik

yay günü günorta
isti paxla yeyəndən
sonra
şaftalının qırmızısını
yaşılından əvvəl dişləyərkən
yüngül nəfəs çəkib
qərar verdiyimiz kimi.

Bundan sonra necə olacaq?

Həyat qurmalı,
evlənməli,
otaqlar bəzəməli,
qadınlardan xoş sözlər,
təriflər eşitməli.....

Amma mən
bənövşəyi sarayın,
qamışlıqdakı yuvanın,
əriməyən yağ parçası
və sarı masanın
bizsiz kimsəsiz qaldığı
həmin yerə qayıtmaq istərdim

Anamız güclü,

yaşamımız səmadan idi....

(2025)

Şimşəkli al bir bulud ola bilərdi,
metro vaqonunda üzbəüz dayandığın
qızın əynindəki
çəhrayı,
ya da günəş altında
bir uşağın əlindəki
qabda çiyələkli yoqurt...

Səma ola bilərdi
əynindəki köynəyin mavisi
ya da uzun illər sonra
tapılan əziz bir kağıza
tökülmüş, ətri uçmuş
mürəkkəb,

bir pərinin masasında mürəbbə
sehrli -
mavi...

Amma heç nə böyümədi,
susdu,
qaldı

tapa bilmədi
başqa dünyaya aparan
tərpənişi...

Halbuki bir vaxtlar axtarırdı,

bir vaxtlar,

inanırdı

görürdü

Bir meyvənin çürüyünü kəsib atarkən

necə gözəlləşirdi

və gülürdü əmisi

əlindəki neməti ona

uzadarkən...

***

Nəmli havaya boyanmış
akasyanın yanında
qurumuş gavalının altında
axır
qış gecəsinin
buzlu suyu
hərdən xırda palçıqları qoparır
islanmış torpağı
darıxdırır
quru günlərindəki qarışqalar üçün...


amma vəd etmir heç nə...

(Güllər quru otlarda ətirsiz qalan adam haqqında heç nə bilmir)

Mənası yoxmuş heç nəyin
göz yaşlarının
qırıq ümidlərin
sevinməyin
sonra yenə dönməyin
sönməyin
ümidsizliyin içində...

Dəyişmirmiş heç nə..

Dəyişmirmiş, ana.

Biz atılarkən
düşərkən
qıvrılıb
ağrıyarkən
dincəlirmiş
bir bənd uzaqda
yuxudan yenicə oyanıb
gərnəşən adam tək ölüm..


Ağrılar şəfanın şirinliyini gətirmirmiş, daima
Açılan
Əllərimizin yumşaqlığına
gülümsəmirmiş Tanrı.

Çürüyüb gedən bir toxumda
öyrənmək gərəkmiş
unudulmağı.

***

Dörd gün davam edən
qardan sonra

"ata, yenə də yağır.. "

"yox, quru üzüm budaqlarına qonan ancaq qırovdur"....

Yay vaxtı,
günorta...

Güzgünün üzündə yeni quruyardı damcılar,
əlimizdən sıçratdığımız damcılar,

anamız arıq, bədəni xərçəngiz,

pəncərələrin köhnə pərdəsi ləkəsiz

"Alizeya və yuxular şəhzadəsi"

- Demian, ona birazca sədaəqətli ol...

Pəncərə önündə - yarpaqların təzəliyi...

Yerə düşən üzümlərin əzikliyi...

Yaşam gələcəyə ümiddən törəyirdi...

“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası oldu Dostunun arvadına aşiq olan filosof - Həqiqəti tapmağın qısa yolu Bir salama dəyməyən eşqə ölüm yaraşır - Bəxtiyar Vahabzadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью