Oğullarını öldürüb, ömürlük həbs olundular

24.11.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyənin Adana şəhərində 15 yaşlı oğlunu qətlə yetirən 66 yaşlı Mehmet Dinç və onun 44 yaşlı həyat yoldaşı Sevinç Dinçə Adana 5-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunda 15 yaşlı Rafet Dinçin odlu silahla öldürülmüş meyiti yol kənarında aşkarlanıb.

Etdikləri cinayətdən sonra Yeni il şənliyində iştirak etmək üçün qohumlarının evinə gedən yeniyetmənin valideynləri saxlanılıb və 2025-ci il yanvarın 3-də həbs ediliblər.

Məhkəmə araşdırması zamanı valideynlərin oğullarına qarşı nə üçün düşmənçilik bəslədikləri tam müəyyən edilməyib. Sənədlərdə qeyd olunub ki, hadisə günü Rafet evə gəldikdən sonra anası bu barədə ərinə məlumat verib. Mehmet Dinç işdən vaxtından əvvəl çıxaraq evə gəlib və yatmış vəziyyətdə olan oğlunu güllələyərək öldürüb.

Daha sonra ər-arvad yeniyetmənin meyitini avtomobilə yerləşdirərək meşəlik əraziyə aparıblar. Onlar cinayətdə istifadə olunan silahı gizlədib, evi təmizləyiblər. Şübhə doğurmamaq üçün Mehmet Dinç işə qayıdıb, həyat yoldaşı isə evdə qalıb. Axşam saatlarında ər-arvad Yeni il şənliyinə qatılaraq heç nə baş verməmiş kimi davranıblar.

Məhkəmə təqsirləndirilən şəxslərin əvvəlcədən razılaşaraq birgə hərəkət etdiklərini müəyyən edib.

Mehmet və Sevinç Dinç öz övladlarını əvvəlcədən planlaşdırılmış şəkildə qəsdən öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum ediliblər. Bundan əlavə, Mehmet Dinçə qanunsuz odlu silah və döyüş sursatı əldə etmə, daşıma və saxlama ittihamı üzrə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hökm məhkəmə kollegiyasının yekdil qərarı ilə qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью