Oğurluq iddiası: 5 nəşriyyat ona qarşı birləşdi

06.05.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-də beş nəşriyyat evi və yazıçı Skott Turou müəllif hüquqlarının pozulduğunu iddia edərək “Meta” və şirkətin rəhbəri Mark Zukerberqə qarşı məhkəmə iddiası qaldırıb.

"Cebheinfo.az" xəbər verir ki, "Elsevier", "Cengage", "Hachette", "Macmillan" və "McGraw Hill" nəşriyyat evləri yazıçı Skott Turou ilə birlikdə məsələyə dair iddia ərizəsini Nyu-York Cənub Bölgə Məhkəməsinə təqdim ediblər. 

İddia ərizəsində “Meta”-nın süni intellekt dil sistemi olan Llama-nı təlimatlandırmaq üçün müəllif hüquqları ilə qorunan əsərlərin icazəsiz çoxaldılması, paylanması və müəllif hüquqlarının idarə edilməsi məlumatlarının silinməsi ilə bağlı qanun pozuntularına yol verdiyi irəli sürülüb. 

“Meta” və Zukerberqin "süni intellekt silahlanma yarışında qalib gəlmək" məqsədilə "sürətli hərəkət et və qaydaları poz" şüarını izlədiyi iddia edilən ərizədə, müəllif hüququ ilə qorunan milyonlarla kitab və jurnal məqaləsinin pirat saytlardan qanunsuz şəkildə yükləndiyi bildirilib. 

Sənəddə oğurlanmış məzmunların dəfələrlə kopyalandığı və “Meta”-nın Llama adlı süni intellekt sisteminin bu materiallar üzərində öyrədildiyi iddia olunub. Beləliklə, “Meta”-nın "tarixin ən böyük müəllif hüququ pozuntularından birini" həyata keçirdiyi müdafiə edilən ərizədə pul təzminatı tələb olunub. 

“Meta”-dan verilən açıqlamada isə iddiaya qarşı aqressiv şəkildə mübarizə aparılacağı qeyd edilib. Süni intellektin fərdlər və şirkətlər üçün transformasiyaedici yeniliklərə, səmərəliliyə və yaradıcılığa güc qatdığına işarə edilən açıqlamada, "Məhkəmələr haqlı olaraq süni intellektin müəllif hüququ ilə qorunan materiallar üzərində təlim keçməsinin 'ədalətli istifadə' (fair use) çərçivəsinə düşə biləcəyinə qərar verib" ifadəsi işlədilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью