Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransız impressionist rəssam Ogüst Renuarın Fransanın cənubunda, Nitsa yaxınlığında yerləşən Kan-sür-Mer kommunasındakı muzeyindən naməlum şəxslər dörd rəsm əsəri oğurlayıblar.
"TF1" telekanalı bu barədə mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, cinayətkarlar çərşənbə axşamı səhər tezdən muzeyə daxil olublar. Yerli vaxtla saat 06:00 radələrində (Bakı vaxtı ilə 08:00) siqnalizasiyanın işə düşməsindən sonra polisə məlumat verilib.
Müşahidə kameralarının görüntülərini araşdıran istintaqçılar iki şəxsin rəsm əsərlərini çərçivələrindən kəsərək çıxardığını müəyyən ediblər. İlkin məlumata əsasən, dörd əsər oğurlanıb. Lakin onların adları hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, son illərdə Fransanın muzeyləri dəfələrlə irimiqyaslı oğurluqların hədəfinə çevrilib. Xüsusilə, 2025-ci ilin oktyabrında cinayətkarlar Luvr muzeyindən Fransa monarxlarına məxsus kolleksiyaya daxil olan zərgərlik əşyalarını oğurlayıblar. Bir neçə saat sonra isə Fransanın şərqində yerləşən Lanqr şəhərindəki "Denis Didro Maarif Evi" muzeyi qarət edilib və buradan qızıl və gümüş sikkələrdən ibarət kolleksiya oğurlanıb.
Bu hadisələrdən sonra Fransanın Daxili İşlər Nazirliyi muzeylərdə və mədəni irs obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)