Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun illər elm dünyasında qəbul edilən fikir belə idi ki, Yer üzündə oksigen əsasən fotosintez nəticəsində yaranır. Yəni bitkilər, yosunlar və digər canlılar günəş işığından istifadə edərək oksigen istehsal edirlər. Lakin son araşdırmalar okeanın minlərlə metr dərinliyində bu qaydanı poza biləcək maraqlı bir hadisənin mövcudluğunu gündəmə gətirib.
Azpost.info bildirir ki, alimlər Sakit okeanın dərinliklərində yerləşən Clarion-Clipperton zonasında aparılan müşahidələr zamanı qeyri-adi nəticələrlə qarşılaşıblar. Burada günəş işığının çatmadığı şəraitdə oksigen səviyyəsinin bəzi hallarda artdığı qeydə alınıb. Tədqiqatçılar bu fenomeni “qaranlıq oksigen” adlandırırlar.
Mütəxəssislərin diqqətini cəlb edən əsas obyektlər okean dibində milyonlarla il ərzində formalaşmış polimetallik düyünlərdir. Kartof ölçüsündə olan bu qara daşlar manqan, dəmir, nikel və kobalt kimi metallarla zəngindir. Alimlər hesab edirlər ki, həmin düyünlər zəif elektrik reaksiyaları yaradaraq su molekullarının parçalanmasına və nəticədə oksigen ayrılmasına səbəb ola bilər.
Əgər bu hipotez tam təsdiqlənərsə, həyatın yaranması ilə bağlı mövcud nəzəriyyələrə yenidən baxmaq lazım gələ bilər. Çünki Yer kürəsində ilk canlıların meydana gəldiyi dövrdə oksigenin mənbəyi barədə yeni suallar yaranacaq.
Bununla yanaşı, məsələ iqtisadi mübahisələr də doğurub. Çünki məhz həmin dərinliklər gələcəyin batareyaları üçün vacib sayılan metalların əsas ehtiyatlarından biri hesab olunur. Bir sıra şirkətlər burada mədən işləri aparmaq istəyir. Ekoloqlar isə xəbərdarlıq edirlər ki, əgər bu düyünlər həqiqətən oksigen istehsalında rol oynayırsa, onların çıxarılması okean ekosisteminə ciddi zərbə vura bilər.
Hazırda dünyanın müxtəlif laboratoriyalarında aparılan araşdırmaların əsas məqsədi bu fenomenin həqiqətən mövcud olub-olmadığını dəqiq müəyyənləşdirməkdir. Nəticələr təsdiqlənərsə, bu, XXI əsrin ən mühüm elmi kəşflərindən biri hesab oluna bilər.
Sunay