Oktyabrın 16 sı Ümumdünya Qida Günüdür

16.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Ümumdünya Qida Günü 1945-ci il oktyabrın 16-da təsis edilib. Bu gün, həmçinin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranması günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Qida Günü ilə əlaqədar müzakirələr qlobal miqyasda aclığın aradan qaldırılması və dayanıqlı qida sistemlərinin inkişaf etdirilməsi zərurəti fonunda getdikcə daha da aktuallaşır. Bu mühüm gün 2026-cı ildə "Bu gün innovasiya et, sabahı bəslə” mövzusunda qeyd olunur. FAO tərəfindən seçilən bu mövzu qlobal aclığa son qoymaq və aqrar-ərzaq sistemlərini yenidən qurmaq üçün elm, texnologiya, rəqəmsal innovasiyalar və yerli biliklərin birləşdirilməsinin vacibliyini vurğulayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla, qida zəncirinin bütün mərhələlərində risklərin idarəolunması, nəzarət və monitorinq tədbirlərinin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, laboratoriya imkanlarının genişləndirilməsi və sahibkarlarla istehlakçıların məlumatlılığının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Hazırda qida təhlükəsizliyinə nəzarətdə riskəsaslı yanaşmanın tətbiqi, qida məhsullarının ilkin istehsal mərhələsindən istehlakçıya çatdırılanadək izlənilməsi, qida obyektlərində təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət, laboratoriya müayinələrinin aparılması və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması əsas istiqamətlərdəndir.

İstehlakçıların məlumatlandırılması və maarifləndirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilir.

Son dövrdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və qida zəncirində risklərin daha səmərəli idarəolunması istiqamətində mühüm işlər görülüb. Bu tədbirlər əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunmasına, qida təhlükəsizliyi sisteminin davamlı inkişafına və istehlakçı hüquqlarının qorunmasına xidmət edir. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” uğurla tamamlanaraq, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib.

İqlim dəyişmələri, su qıtlığı, qloballaşan dünyada qida təchizatı zəncirinin mürəkkəbləşməsi, yeni texnologiyaların tətbiqi qida təhlükəsizliyi sistemləri qarşısında yeni çağırışlar formalaşdırır. Qida təchizatı zəncirinin mürəkkəbləşməsi təhlükələrin vaxtında müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəolunmasına daha müasir və çevik yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışlar nəzərə alınaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi, erkən xəbərdarlıq və rəqəmsal izlənilmə sistemlərinin inkişafı prioritet istiqamət olacaq. Proqram çərçivəsində qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, dövlət informasiya sistemləri arasında inteqrasiyanın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqinin təkmilləşdirilməsi planlaşdırılır.

Bununla yanaşı, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində məlumatların təhlili üçün süni intellekt modelinin hazırlanması, sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi, laboratoriya imkanlarının artırılması və yeni analitik metodların tətbiqi nəzərdə tutulur. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin genişləndirilməsi də qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olacaq.

Beləliklə, qarşıdakı dövrdə əsas məqsəd yaranan yeni riskləri qabaqlamaq, qida zəncirinin bütün mərhələlərində nəzarətin səmərəliliyini artırmaq, müasir texnologiyalardan istifadə etməklə risklərin daha erkən müəyyənləşdirilməsini təmin etmək və əhalinin təhlükəsiz qida ilə davamlı təminatını gücləndirməkdir.

Müxbir - Günel Türksoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью