Ölən şəxsin kredit borcu silinir? EKSPERT AÇIQLADI KONKRET

19.11.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməyə məcbur olub-olmaması vətəndaşları maraqlandıran əsas məsələlərdəndir.

 Bəs vəfat edən şəxsin kredit borcu kimə keçir? Bank mərhumun yaxınlarından borcun tam ödənilməsini tələb edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, vəfat edən şəxsin kredit borcuna görə vərəsələrin məsuliyyəti onlara miras qalan əmlakın dəyəri ilə məhdudlaşır.

Ekspertin sözlərinə görə, bank mərhumun borcunun ödənilməsini tələb edərkən vərəsələrə keçən miras əmlakın dəyərini nəzərə almalıdır:

“Vəfat edən şəxsin kredit borcu onun vərəsələrindən yalnız onlara keçən miras əmlakın dəyəri həddində tələb oluna bilər. Yəni mərhumdan ev, avtomobil, pul və ya digər əmlak qalıbsa, vərəsələr həmin əmlakın dəyəri qədər borca görə məsuliyyət daşıyırlar. Bankın bundan artıq məbləği tələb etmək hüququ yoxdur”.

Əkrəm Həsənov vurğulayıb ki, mərhumdan heç bir əmlak qalmayıbsa, vərəsələrin həmin kredit borcunu öz şəxsi vəsaitləri hesabına ödəmək öhdəliyi yaranmır.

“Əgər vəfat edən şəxsdən heç bir əmlak qalmayıbsa, vərəsədən kreditin ödənilməsini tələb etmək olmaz. Miras qalan əmlakın dəyəri borcdan azdırsa, vərəsənin məsuliyyəti də həmin əmlakın dəyəri ilə məhdudlaşır. Başqa sözlə, vərəsə miras qalan əmlakın dəyərindən artıq borcu ödəməyə borclu deyil”, – deyə ekspert qeyd edib.

Beləliklə, vəfat edən şəxsin kredit borcunun olması onun övladlarının və digər yaxınlarının avtomatik olaraq həmin borcu tam ödəməli olduğu anlamına gəlmir. Vərəsələrin məsuliyyəti mirasla bağlı qanunvericiliyin tələbləri əsasında müəyyən edilir.

Qeyd edək ki, kredit üzrə zaminlik, birgə borcalanlıq və sığorta müqaviləsinin mövcudluğu kimi hallar borcun ödənilməsi məsələsinə ayrıca təsir göstərə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью