Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Sülhə qarşı çıxan Karapetyan iqtisadi cinayətlərdə təqsirləndirilir
Müxalif “Güclü Ermənistan” partiyasının lideri, “Taşir” Şirkətlər Qrupunun rəhbəri, oliqarx-milyarder Samvel Karapetyan yenidən saxlanılıb. Dünən səhər saatlarından etibarən onun, eləcə də partiyanın parlament fraksiyasının rəhbəri, Samvelin qardaşı oğlu Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsi isə eyni vaxtda 65 ünvanda keçirilən əməliyyatların iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı araşdırılan cinayət işi çərçivəsində həyata keçirildiyini açıqlayıb.
“Sputnik Ermənistan”ın məlumatına görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar. Onun hara aparıldığı əvvəlcə açıqlanmasa da, böyük ehtimalla İstintaq Komitəsinə gətirildiyi bildirilir. Hadisədən sonra Karapetyanın tərəfdarları yürüşə başlayıblar.
İstintaq Komitəsinin məlumatına əsasən, axtarışlar yalnız Karapetyanların evləri ilə məhdudlaşmayıb. Karapetyanlar ailəsi ilə əlaqəli digər ünvanlarda, həmçinin şirkətlərin fəaliyyət göstərdiyi yerlərdə də əməliyyat tədbirləri keçirilib. Komitə bildirib ki, axtarışlar İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı üzrə Baş İdarənin araşdırdığı cinayət işi çərçivəsində aparılıb. İstintaq orqanının dünən yaydığı daha geniş açıqlama isə işin miqyasını və irəli sürülən iddiaların mahiyyətini ortaya qoyub.
Məlumatda bildirilir ki, Ermənistanın “Elektrik şəbəkələri” QSC-də xüsusilə külli miqdarda əmlak ziyanına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda pul vəsaitlərinin yuyulması halları araşdırılır. Əməliyyat tədbirlərində İstintaq Komitəsinin əməkdaşları ilə yanaşı, Milli Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri də iştirak ediblər.
Komitənin məlumatına əsasən, prokuror müstəntiqin vəsatəti əsasında 36 nəfər barəsində açıq cinayət təqibinə başlanılması barədə qərar qəbul edib. Onlara qarşı Cinayət Məcəlləsinin özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda mənimsəmə və pul vəsaitlərinin yuyulması ilə bağlı maddələri üzrə ittihamlar irəli sürülüb. Prokuror həmin şəxslərin saxlanılması barədə də qərar qəbul edib və qərarın icrası təhqiqat orqanına həvalə olunub. Komitə ilkin istintaqın davam etdiyini bildirib.
Əməliyyatlar zamanı “Elektrik şəbəkələri” QSC idarə heyətinin üzvü Vardan Makaryan da saxlanılıb. Makaryan əvvəllər Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın administrasiyasının rəhbəri olub, Armen Sarkisyanın prezidentliyi dövründə isə administrasiya rəhbərinin səlahiyyətlərini icra edib. Məlumatlarda onun Samvel və Narek Karapetyanların, habelə onlarla əlaqəli şəxslərin evlərində aparılan axtarışlar zamanı saxlanıldığı bildirilir.
Müxalifət öz ampluasındadır
Axtarışların ardınca “Güclü Ermənistan”ın nümayəndələri baş verənləri hüquq-mühafizə tədbiri deyil, siyasi təzyiq kimi təqdim ediblər. Parlament fraksiyasının rəhbəri Narek Karapetyan bildirib ki, onun evində axtarışlar 1 il ərzində artıq dördüncü dəfədir keçirilir. Hadisə zamanı özü parlamentdə olduğunu, evdə isə uşaqlarının və digər ailə üzvlərinin qaldığını deyib. N.Karapetyan iqtisadi cinayətlərlə bağlı açılmış işi də ayrıca məsələ kimi qiymətləndirib və baş verənləri Nikol Paşinyanın yeni Konstitusiya qəbul etdirmək niyyəti ilə əlaqələndirib. O, partiyasının bu dəyişikliklərə qarşı mübarizədən geri çəkilməyəcəyini bildirib.
Partiyanın yaydığı bəyanatda isə Paşinyanın Konstitusiya məsələsində mübarizəni uduzduğu üçün təşvişə düşdüyü iddia olunub. Siyasi qüvvə axtarışları hakimiyyətin müxalifətə təzyiq göstərmək cəhdi kimi qiymətləndirib və müstəqilliyin qorunması adı altında yeni Konstitusiyaya qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.
“Güclü Ermənistan” fraksiyasının üzvü, parlament sədrinin müavini Aram Vardevanyan da axtarışları siyasi sifariş adlandırıb. Deputatın fikrincə, bu addımlar baş nazirin müxalifətə Konstitusiya məsələsi ilə bağlı xüsusi təklif vermək niyyətinin bir hissəsidir. Fraksiyanın katibi Tiqran Abramyan da baş verənləri Paşinyanın əvvəllər anons etdiyi həmin “təklif”lə əlaqələndirib.
“Axtarış üçün əsas varsa, tədbir görülməlidir”
Daxili işlər naziri Arpine Sarkisyan axtarışların standart hüquqi prosedur olduğunu vurğulayıb. Onun sözlərinə görə, müstəntiq müvafiq qərar qəbul edib, polis isə həmin qərarın icrasına kömək göstərir. Sarkisyan qeyd edib ki, şəxsin adından və soyadından asılı olmayaraq, axtarış aparılması üçün əsaslar mövcuddursa, bu tədbir həyata keçirilməlidir. Onun bu mövqeyi müxalifətin axtarışların siyasi motivlərlə aparıldığı barədə iddialarına cavab olub.
A.Sarkisyan dünən S.Karapetyanın digər ölkələrin vətəndaşlığından imtina etməsi məsələsinə də aydınlıq gətirib. “Armenpress”in məlumatına görə, jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, Daxili İşlər Nazirliyində Karapetyanın Rusiya və Kipr vətəndaşlığından imtina etməsi barədə məlumat yoxdur. Onun sözlərinə görə, Ermənistanın dövlət qurumları vətəndaşın başqa ölkənin vətəndaşlığından imtina prosesinə başlaması barədə avtomatik məlumat almırlar.
Xatırladaq ki, S.Karapetyan 2026-cı il iyunun 30-da jurnalistlərə digər ölkələrin vətəndaşlığından imtina prosesinə başladığını bildirmişdi. O, bu prosesin başa çatması üçün məhkəmənin müvafiq səfirliklərə getməsinə və ərizələr təqdim etməsinə icazə verməli olduğunu da söyləmişdi.
Oliqarxın siyasi oyunu
Onu da bildirək ki, Karapetyan 2025-ci ilin iyununda Ermənistan hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Onun saxlanılması Erməni Apostol Kilsəsini müdafiə edən çıxışlarından və hakimiyyətə qarşı sərt bəyanatlarından sonra baş verib. Həmin dövrdə ona hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu dəyişməyə çağırışla bağlı ittiham irəli sürülüb. Sonradan onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığında idi.
Onunla bağlı baş verənlərə yalnız müxalifət liderinin saxlanılması və ya biznes strukturlarına qarşı istintaq tədbirləri kimi baxmaq doğru olmazdı. Söhbət böyük maliyyə imkanlarına malik oliqarxın Ermənistanın siyasi həyatında mühüm mövqe tutmaq cəhdindən gedir. “Taşir” Şirkətlər Qrupu kimi nəhəng biznes imperiyasının rəhbəri olan Karapetyan uzun illər ərzində biznes və sərvət hesabına formalaşdırdığı nüfuzunu indi siyasi hakimiyyət uğrunda mübarizəyə yönəldir. Onun rəhbərlik etdiyi partiyanın parlamentdə təmsil olunması və yeni konstitusiya məsələsini siyasi qarşıdurmanın əsas mövzularından birinə çevirməsi də bu iddiaların göstəricisidir.
Nəticədə, Karapetyanın yenidən saxlanılması Ermənistanın daxili siyasi mübarizəsini daha da kəskinləşdirə bilər. Lakin məsələni yalnız Paşinyanla oliqarx arasında hakimiyyət savaşı kimi təqdim etmək hadisələrin mahiyyətini daraltmaq olardı. Erməni cəmiyyəti bir tərəfdən böyük maliyyə imkanlarına söykənən siyasi ambisiyaların, digər tərəfdən isə ölkəni sülh və qonşuluq münasibətlərinə aparan çətin seçimlərin qarşısındadır. Karapetyan və onun tərəfdarlarının revanşist mövqeyi bu seçimi asanlaşdırmır, əksinə, Ermənistanı yenidən keçmişin siyasi əsirinə çevirmək təhlükəsi yaradır.
Səxavət HƏMİD
XQ