Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir.
- Azərbaycanda internet infrastrukturu ilə bağlı son dövrlərdə görülən işləri necə qiymətləndirirsiniz?
- Son dövrlərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun modernləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirilib. Həmin layihələrdən ən nəhəngi, heç şübhəsiz ki, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin əsas operatorlarından biri kimi çıxış etdiyi “Onlayn Azərbaycan” layihəsidir. Layihə çərçivəsində həyata keçirilən GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) transformasiyası texnoloji baxımdan çox ciddi bir irəliləyişdir. Köhnəlmiş mis naqillərin sürətli şəkildə fiber-optik infrastrukturla əvəzlənməsi rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün atılmış ən fundamental addımdır. Bu layihə icra edilənə qədər genişzolaqlı internet bir lüks sayılırdı, çünki ölkədəki təsərrüfatların cəmi 9%-nin genişzolaqlı internetə çıxışı var idi. İndi isə genişzolaqlı internet hər kəs üçün əlçatandır və layihə çərçivəsində 3 milyona yaxın təsərrüfatın çıxış imkanı təmin edilib. Layihənin operatoru olmayan provayderlər də təkrarlanan genişzolaqlı internet infrastrukturu qurublar. Ehtimal edirəm ki, burada ən azı 2 milyon təsərrüfatlıq infrastrukturdan söhbət gedir. Eyni nöqtədə bir neçə rabitə dirəyinin olması və səliqəsiz görüntünün - yaranması da məhz bu səbəbdəndir. Nəticədə 1 təsərrüfat orta hesabla 2 provayderin əhatə dairəsindədir. Lakin bu infrastrukturun idarə olunması və son istifadəçiyə çatan xidmətin stabilliyi hələ də təkmilləşdirilmə mərhələsindədir. Burada provayderlərin üzərinə ciddi məsuliyyət düşür.
- İstehlakçıların keyfiyyətli internetdən faydalanması üçün hansı işlər görülməlidir?
- Yalnız magistral xətlərin çəkilməsi kifayət deyil, istehlakçının real keyfiyyət hiss etməsi üçün provayderlər daxili şəbəkə avadanlıqlarını (modem və routerləri) müasir standartlara (məsələn, Wi-Fi 5 və 6) uyğunlaşdırmalıdır. Eyni zamanda beynəlxalq çıxış kanallarının (IP transit) sayı artırılmalı və diversifikasiya edilməlidir ki, hər hansı bir xətdə qəza olduqda ölkə daxilində internetdə ləngimələr və ya sürət düşməsi yaşanmasın. Şəffaflığın artırılması üçün isə hər bir abunəçiyə öz sürətini və xidmət keyfiyyətini real vaxt rejimində monitorinq edə biləcəyi tətbiqlərin təqdim olunması zəruridir. Başqa bir məsələ isə 3-cü tərəf internet istehlakçılarıdır. Məsələn, iaşə obyektlərinin, xüsusilə hotellərin müştəriləri xidmətin keyfiyyətini hiss etməlidirlər. Əfsuslar olsun ki, bu müəssisələrdə internet düzgün paylanmır. Həmin müəssisələr provayderlərlə sıx işləməlidir.
- Ölkəmizin internet bazarını rəqabətli bazar adlandırmaq olarmı?
- Azərbaycanın internet bazarı hazırda aktiv rəqabət mühitinin formalaşdığı bir keçid mərhələsindədir. Bazarın rəqabətliliyini sübut edən əsas amil provayderlərin yalnız sürət deyil, həm də əlavə xidmətlər (məsələn, IPTV, ailə qoruma paketləri və “smart home” həlləri) üzərindən yarışmasıdır. Dövlət və özəl provayderlər arasındakı sağlam rəqabət, infrastrukturun ən ucqar nöqtələrə qədər çatdırılmasına xidmət edir. Bu rəqabət mühiti abunəçilərə daha çox seçim imkanı verir və şirkətləri müştəri xidmətlərini mütəmadi olaraq təkmilləşdirməyə vadar edir ki, bu da son nəticədə bazarın canlanmasına gətirib çıxarır. Hazırda ölkə bazarında 200-ə yaxın internet provayderi fəaliyyət göstərir. Deməliyəm ki, bu rəqəm Azərbaycan üçün kifayət qədər böyükdür. Bundan əlavə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən mütəmadi monitorinqlərin həyata keçirilməsi və nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi onları müştəri təcrübələri kontekstində daha məsuliyyətli edir.
- Son dövrlərdə internet qiymətlərindəki artım keyfiyyətin yüksəlməsinə təsir etdimi?
- Azərbaycanda sonuncu dəfə qiymət artımı 2024-cü ildə oldu və rəsmi olaraq sürətin 40 Mbit/s-dən 100 Mbit/s-yə qaldırılması ilə əlaqələndirildi. Minimum sürət həddinin 100 Mbit/s-yə çatdırılması Azərbaycanı qlobal rəqəmsal xəritədə daha üst sıralara daşıdı və bu, ölkədə “bulud” texnologiyalarının, yüksəkkeyfiyyətli video axınlarının və distant təhsilin maneəsiz inkişafına birbaşa təkan verdi. Artan gəlirlər provayderlərə imkan verdi ki, daha dayanıqlı GPON texnologiyasına keçidi sürətləndirsinlər və şəbəkə qəzalarına reaksiya müddətini qısaltsınlar. Beləliklə, istifadəçilər daha yüksək sürət resursu əldə etməklə müasir internetin bütün imkanlarından maksimum faydalanmağa başladılar. Sualınıza konkret cavabı beynəlxalq monitorinq şirkətlərinin hesabatlarında görmək olar. Həmin dövrdən etibarən ölkə üzrə genişzolaqlı internetin sürətindəki dinamika daha da artıb. Əlbəttə, keyfiyyət yalnız sürət demək deyil, həm də xidmətin fasiləsizliyidir və bu, təchizatçının, yəni provayderin maliyyə dayanıqlılığı ilə birbaşa əlaqəlidir. 2024-cü ilin avqust ayında həyata keçirilən qiymət dəyişikliyindən sonra biz keyfiyyətin də ciddi formada artdığını gördük.
- İnternetin qiymətinin artma ehtimalı varmı?
- İnternet xidməti birbaşa qlobal texnoloji xərclər, beynəlxalq trafik alışı və satışı və şəbəkə avadanlıqlarının yenilənməsi kimi xarici faktorlarla bağlıdır. İnfrastrukturun modernləşdirilməsi və yüksək təhlükəsizlik standartlarının (DDoS qoruması, məlumatların şifrlənməsi) tətbiqi xidmət maya dəyərini artıran amillərdir. Bu iqtisadi reallıqlar fonunda, xidmət keyfiyyətinin daha da yüksəldilməsi və kəsintisiz internet təminatı məqsədilə tariflərin gələcəkdə yenidən tənzimlənməsi ehtimalı istisna olunmur. Bu cür dəyişikliklər texnoloji dayanıqlığın təmini və şəbəkənin artan tələbatı qarşılaya bilməsi üçün bir mexanizm kimi çıxış edir. Şübhəsiz ki, şəbəkələr daim yenilənməli, avadanlıqlar son standartlara cavab verməli, həmçinin peşəkar mütəxəssislər işə cəlb edilməlidirlər. Uzunmüddətli stabil qiymət anlayışı real bazar mühitində mövcud ola bilməz. Qiymətlərin inflyasiyaya uyğun olaraq tənzimlənməsi dünyada kifayət qədər geniş yayılmış təcrübədir. Digər kommunal xidmətlərin qiymətlərində müəyyən müddət aralıqlarında dəyişikliklər edilir və nəzərə almalıyıq ki, internet xidməti göstərən təşkilatlar da mövcud bazar konyukturasına uyğun fəaliyyət göstərməlidir. Sadəcə bizdə internet provayderlər qiymət dəyişikliklərini kifayət qədər böyük zaman aralıqlarında etdiklərindən ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Qiymət artımı ehtimalı hər zaman var və biz bunu normal qəbul etməliyik.