futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda kros qaçışı üzrə payız çempionatına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında keçirilən yarışda paytaxtla yanaşı Gəncə, Xızı, Xaçmaz, Astara, Bərdə, Gədəbəy və Şəmkirdən 80-dən artıq idmançı mübarizə aparıb.
Çempionatda qadınlar və kişilər arasında ümumilikdə 8 məsafə üzrə qaliblər bəlli olub. Kişilərin mübarizəsində Bərdə təmsilçisi Bəxtiyar Əsgərli 10 km məsafədə növbəti dəfə ölkə çempionu adını qazanıb. Gəncə idmançıları Sərxan Talıbov (6 km) və Rinad İbrahimov (3 km), həmçinin Xaçmaz təmsilçisi Raul Həsənov (2 km) öz məsafələrində qızıl medala sahib çıxıblar.
Qadınlar arasında keçirilən yarışlarda Qənirə Həsənova 6 km məsafədə ən yaxşı nəticəni göstərərək çempionluq sevinci yaşayıb. 4 km məsafədə Elina Yusupova, 2 km-də Şəmkir təmsilçisi Türkan Abbasova, 1 km məsafədə isə Xızı idmançısı Aişə Vəlili fəxri kürsünün ən yüksek pilləsinə qalxıblar.