Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Çempionlar Liqasında tarixi mövsüm keçirən “Qarabağ” pley-off mərhələsində ilk oyuna çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərənin “Nyukasl” komandasına Bakıda böyük hesabla uduzub – 1:6.
Görüşə yaxşı başlamayan və ilk hissədə buraxılan 5 qolla ruhdan düşən “Qarabağ” ikinci hissədə dik durmağa çalışdı. Komanda fasilədən sonra daha intizamlı oyun sərgiləməsinə baxmayaraq, rəqibin gücü və keyfiyyəti qarşısında aciz qaldı.
Məğlubiyyət gözlənilən oldu, lakin böyük hesablı nəticə məyusedən əsas məqam idi. Cütün taleyi demək olar, həll olundu. Cavab görüşündə 5 qolluq fərqin aradan qalxması üçün möcüzə gərəkdir ki, bu da mümkünsüzə yaxındır. Hər bir halda, “Qarabağ” üçün buralara gəlmək özü də bir qazanc, təcrübədir.
Keçmiş “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov Azərbaycan təmsilçisinin məğlubiyyətini belə şərh etdi:
“Qurban Qurbanov “İmişli” ilə çempionat oyunundan sonra “Nyukasl”la matça hazırlaşmağın çətinliyindən danışmışdı. Həqiqəti demək lazımdır, “Qarabağ”ın belə güclü komandaya qarşı hazırlaşmağa imkanı və zamanı olmadı. Hər bir halda, ikinci hissədə pis mübarizə aparmadılar. Görünür, “Nyukasl” cəbhəsi “Qarabağ”ı yaxşı təhlil etmişdi. Məncə, “Qarabağ” cavab oyununda fərqli oynayacaq. İngiltərədə daha yaxşı çıxış gözləyirəm. Düzdür, cütün taleyi demək olar, həll olunub, amma bu səviyyədə hər oyun “Qarabağ” üçün təcrübədir”.
Azərbaycan millisinin keçmiş üzvü, hazırda AFFA-da texniki direktor vəzifəsini icra edən Cahangir Həsənzadə isə məğlubiyyətlə bağlı bunları dedi:
“Çox danışmağa ehtiyac yoxdur. “Qarabağ” üçün bu mərhələdə asan rəqib olmayacaqdı. İngiltərə təmsilçisi ilə ardıcıl oyunlar çətin keçdi. İngiltərə Premyer Liqasının səviyyəsi ortadadır. “Qarabağ” bu görüşdən müsbət təcrübə götürməlidir. Daha irəli getmək üçün daha güclü heyət lazımdır”.
Minimum imkanlarla maksimumu bacaran “Qarabağ”ın çıxışı alqışalayiqdir. Komandanın şəninə nə təriflər yağdırılsa, həqiqətdir. İstənilən halda, Azərbaycan kimi kiçik futbol ölkəsindən Çempionlar Liqasının pley-offuna bir komandanın gəlməsi bəlkə də, dünya futboluna gözlənilməz hadisə kimi düşəcək. Lakin “Qarabağ”ın boyundan yuxarı tullanması, özünəxas futbolu ilə istənilən rəqibə qarşı başabaş mübarizəsi danılmazdır.
Qarşıda cavab oyunu var. Hazırlaşmaq üçün kifayət qədər vaxt yaranıb. “Qarabağ” mərhələni Bakıda uduzsa da, səfərdə daha layiqli mübarizə, yaxşı oyun göstərmək və Çempionlar Liqasına pozitiv notlarla vida etmək lazımdır. “Qarabağ” isə bunu bütünlüklə bacaracaq gücə, əzmə, istəyə və xarakterə malikdir.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.