Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
“Olimpiya dünyası” – 25
Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin 25 yaşı tamam olur!
2001-ci il noyabrın 27-dən fasiləsiz olaraq nəşr edilən “Olimpiya dünyası” 25 ildir ki, Azərbaycan idmanının uğurlarını, atletlərimizin tarixi qələbələrini və Olimpiya Hərəkatının inkişafını geniş ictimaiyyətə çatdıraraq idman jurnalistikasında özünəməxsus yer qazanıb.
Əvvəllər həftədə 2 dəfə 6 min tirajla çap olunan qəzet hazırda həftədə 1 dəfə 4 min 100 tirajla nəşr edilir. Qəzet 2016-cı ilin oktyabrından etibarən gündəlik onlayn formatda da fəaliyyət göstərir.
Ötən dövrdə mötəbər beynəlxalq idman yarışlarını işıqlandıran, müxtəlif layihələrə imza atan və 40-dan çox idman jurnalistinin yetişməsinə töhfə verən “Olimpiya dünyası” bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının “Ədalətli idman təbliğatçısı” nominasiyasının qalibi olub, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən dəfələrlə “İlin ən yaxşı idman nəşri” seçilib.
Beynəlxalq səviyyədə də uğur qazanan “Olimpiya dünyası” İspaniyada “Nüfuz və keyfiyyətə görə – Aktualidad-XXI” beynəlxalq mükafatına layiq görülüb, həmçinin Beynəlxalq Gimnastika Federasiyası və digər idman qurumlarının xüsusi diplomları ilə təltif edilib.
P.S. Gənc həmkarlarımızı, ölkəmizin idman dünyasında, mətbuatın inkişafında xüsusi yeri olan “Olimpiya dünyası” qəzetinin kollektivini 107 yaşlı “Xalq qəzeti” redaksiyası təbrik edir, həmkarlarımıza yeni yaradıcılıq uğurları arzulayır.
Q.YUSİFOĞLU
XQ