Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb.
Bankın qiymətləndirməsinə görə, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə 1,4 faizə qədər səngiyib. 2026-cı ilin birinci rübündə isə iqtisadiyyat illik müqayisədə 0,3 faiz kiçilib. Buna səbəb neft-qaz sektorunda istehsalın 1,2 faiz azalması və qeyri-neft sektorunda artım tempinin 0,2 faizə qədər zəifləməsi olub.
Hesabata əsasən, 2026-cı ilin ilk rübündə inflyasiya orta hesabla 5,7 faiz təşkil edib və Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb. AYİB qeyd edir ki, büdcə profisiti 2024-cü ildə ÜDM-in 4,1 faizi olduğu halda, 2025-ci ildə təxminən 2,6 faizə enib. Dövlət və dövlət zəmanətli borcun səviyyəsi isə aşağı olaraq qalaraq ilin sonunda ÜDM-in 28 faizini təşkil edib.
Məlumata görə, cari əməliyyatlar hesabının profisiti də 2024-cü ildəki 6,3 faizdən 2025-ci ildə ÜDM-in 4,6 faizinə düşüb. Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə xarici aktivləri artmağa davam edərək 2025-ci ildə ÜDM-in 112 faizinə çatıb. AYİB Azərbaycanın real ÜDM artımının zəif başlayan 2026-cı ildən sonra sürətlənəcəyini gözləyir. Bank 2026-cı il üçün iqtisadi artım proqnozunu 2 faiz, 2027-ci il üçün isə 2,5 faiz səviyyəsində müəyyən edib.
Hesabatda o da vurğulanır ki, Azərbaycanın iqtisadi artım perspektivləri neft və qaz qiymətləri, eləcə də hasilat həcmlərindən asılı olaraq qalır. Yaxın Şərqdəki münaqişənin qlobal enerji qiymətlərini yüksəltməsi ölkəyə əlavə gəlir gətirə və iqtisadi artımı dəstəkləyən xərclər və investisiyalar üçün imkan yarada bilər.
AYİB, həmçinin ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunan sülh çərçivəsinin regional nəqliyyat və ticarət əlaqələrini genişləndirə biləcəyini, bərpaolunan enerji sahəsinə irihəcmli investisiyaların isə orta müddətdə iqtisadi diversifikasiyanı və artımı dəstəkləyəcəyini bildirib.
XQ