Ölkədə hava daşımaları yüksəlib

09.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

2026-cı ilin yanvar–avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5,7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib. 3 hava limanı üzrə ümumi sərnişin dövriyyəsi ötən ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1,5 faiz artıb. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, sərnişin axınının əsas hissəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Belə ki, yanvar–avqust aylarında Bakı aeroportu 4,9 milyondan çox sərnişinə xidmət göstərib və 39,525 uçuş həyata keçirib. “Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar–avqust aylarında transfer sərnişinlərinin sayı 373,733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 faiz artıb. İlin 8 ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 2026-cı il avqustun 15-də qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31,360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib”, – deyə məlumatda qeyd olunub.

Qurumun məlumatına görə, regional hava limanlarında da artım dinamikası davam edib: “Naxçıvan Beynəlxalq Hava Limanı 2026-cı ilin yanvar–avqust aylarında 574 min sərnişinə xidmət göstərib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artıb. Hava limanında eyni dövrdə 5,692 uçuş həyata keçirilib və uçuşların sayı illik müqayisədə 11,7 faiz yüksəlib.

Gəncə Beynəlxalq Hava Limanında isə 2026-cı ilin 8 ayında 147 min sərnişinə xidmət göstərilib və 1,107 uçuş həyata keçirilib. 2025-ci ilin yanvar–avqust ayları ilə müqayisədə sərnişinlərin sayı 4,9 faiz, uçuşların sayı isə 2,1 faiz artıb. Regionda davam edən geosiyasi qeyri-müəyyənlik və hava nəqliyyatına təsir edən dəyişikliklər fonunda ümumi sərnişin axınının 2025-ci ilin eyni dövründəki səviyyəni qoruması, transfer və regional daşımalar üzrə isə artımın davam etməsi sərnişin tələbatının dayanıqlılığını göstərir”.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью