Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət sektorunda təxminən 5.6 min yeni iş yeri açıldığı halda, 9 min iş yeri bağlanıb. Bu sektorda qapadılan iş yerlərinin sayı açılanlardan təxminən 60 faiz çox olub.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 9 ayda ölkədə yaradılmış 79.5 min yeni iş yerinin 92.9 faizi qeyri-dövlət sektorunun payına düşüb. Dövlət sektorunun yeni iş yerlərində payı isə 7.1 faiz təşkil edib.
Eyni dövrdə ölkədə ümumilikdə 13.8 min iş yeri fəaliyyətini dayandırıb. Həmin iş yerlərinin 34.6 faizi qeyri-dövlət sektoruna, 65.4 faizi isə dövlət sektoruna aiddir.
Dövlət sektorunda yeni iş yerləri ilə bağlananlar arasında təqribən 3.4 minlik mənfi fərq yaranıb. Başqa sözlə, bu sektorda qapadılan iş yerlərinin sayı açılanlardan təxminən 1.6 dəfə çoxdur.
Qeyri-dövlət sektorunda isə əks mənzərə qeydə alınıb. Hesablamaya əsasən, burada təqribən 73.9 min yeni iş yeri yaradılıb, 4.8 mini bağlanıb. Nəticədə yeni iş yerlərinin sayı bağlananları 69.1 min üstələyib.
Ümumilikdə ölkədə açılan və bağlanan iş yerləri arasındakı müsbət fərq 65.7 min olub.
Hesabatda iş yerlərinin bağlanma səbəbləri göstərilib. Ölkə üzrə bağlanmış iş yerlərinin 89.8 faizi fəaliyyətini davam etdirən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. Qalan 10.2 faiz isə müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması nəticəsində bağlanıb.
Yeni iş yerlərinin yaradılmasında əsas pay mövcud müəssisə və təşkilatlara məxsus olub. Onların 77.6 faizi həmin müəssisələrdə, 22.1 faizi yeni yaradılmış, 0.3 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda formalaşıb.