Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info ölkə turizminin vəziyyətinə tez-tez işıq salır. İşlərin yaxşı getmədiyini təkcə rəqəmlər demir, müşahidələrimizi də yazırıq. Məsələn, yazmışdıq ki, Qəbələdə bir sıra iaşə obyektləri fəaliyyətini dayandırıb. Xüsusilə hind mətbəxi təqdim edən restoranlar işini davam etdirə bilməyib. Son xəbər odur ki, vəziyyət hələ də yaxşılaşmayıb. İaşə obyektlərinin ümidi, heç olmasa, yayda ayaqda qalmaqdır.
Bakının mərkəzindəki müşahidələr də ölkə turizmində geriləmədən danışmağa əsas verir. Bir neçə iaşə obyekti fəaliyyətini dayandırıb. Əvvəllər paytaxtın Nizami küçəsində icarəyə obyekt tapmaq çətin idisə, indi daha əlverişli şərtlərlə müqavilə bağlamaq mümkündür. Çünki restoranlar və kafelər yaxşı günlərini yaşamır.
Açığı, Dövlət Statistika Komitəsinin son hesabatı çox da inandırıcı görünmür. Bildirilir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min əcnəbi və ya vətəndaşlığı olmayan şəxs gəlib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir. İş orasındadır ki, səyahət edən yerli vətəndaşların sayı da azalıb. Bunu da sosial çətinliklərlə əlaqələndirmək olar.
Niyə inanmaq olmur? Çünki azalma cəmi 11 faizə qədər olsaydı, ölkədə turizm sektoru belə iflic vəziyyətdə qalmazdı. Böyük ehtimalla beynəlxalq tədbirlər statistikaya müsbət tərəfdən təsir göstərib. Amma xüsusilə bölgədəki iaşə obyektləri bundan nəsibini almır. Yəni belə tədbirlər situasiyanı xilas edə bilmir.
Ölkə turizmində yenə gələcək dumanlı görünür. Son üç ayda durum o qədər pisləşib ki, turizn agentlikləri işçiləri ixtisar etmək məcburiyyətində qalıb. Xeyli sayda bələdçi və sürücü işsiz qalıb. Xüsusilə İran müharibəsinə görə vəziyyətin nə vaxt qaydasına düşəcəyi bilinmir.
Aytən, Bizimyol.info