Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. “Azərbaycanla Çin dost və tərəfdaş ölkələrdir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib”.
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.
Deputat xatırladıb ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib.
Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.
Cənab Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.