Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son 2 ildə iqtisadiyyata 20,8 milyard dollar xarici kapital cəlb edilib
Qlobal iqtisadi münasibətlərin yeni mərhələsində Azərbaycan investisiya qəbul edən ölkə olmaqla yanaşı, kapital, texnologiya, enerji və ticarət axınlarının birləşdiyi mühüm regional platformaya çevrilməsi ilə diqqət çəkir. Dünya iqtisadiyyatında son illər baş verən proseslər də investisiyaların istiqamətinə və mahiyyətinə ciddi təsir göstərir.
Təchizat zəncirlərinin yenidən qurulması, geosiyasi dəyişikliklərin baş verməsi, yeni nəqliyyat marşrutlarının meydana çıxması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, rəqəmsal transformasiya və süni intellektin iqtisadi fəaliyyətə sürətlə nüfuz etməsi kapitalın hərəkətində yeni meyarlar formalaşdırır. Artıq investor üçün təkcə yüksək gəlirlilik deyil, həm də sabitlik, təhlükəsizlik, etibarlı logistika, enerji təminatı, bazarlara çıxış və uzunmüddətli proqnozlaşdırma imkanı mühüm əhəmiyyət daşıyır.
Məhz belə bir qlobal şəraitdə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mövzusu (“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi”) xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin forum iştirakçılarına 24 sentyabr 2026-cı il tarixli müraciəti də bu reallıq haqqında aydın təsəvvür yaradır. Dövlət başçısı qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyini, təchizat zəncirlərinin yenidən formalaşdığını, yeni nəqliyyat, enerji və texnoloji əlaqələrin yarandığını vurğulayaraq, belə şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlığın investisiyalar üçün əhəmiyyətinin artdığını diqqətə çatdırır.
Bu baxımdan Bakının ev sahibliyi etdiyi forumun gündəliyi Azərbaycanın iqtisadi inkişafının mövcud mərhələsi ilə səsləşdiyi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ölkənin qarşısında duran əsas vəzifələrdən biri daxili investisiya imkanlarının genişləndirilməsi ilə yanaşı, respublikamızı regional və qlobal kapital üçün daha cəlbedici mərkəzə çevirmək, xarici sərmayəni yeni texnologiyalar, istehsal imkanları, insan kapitalı və qlobal dəyər zəncirləri ilə əlaqələndirməkdir.
Etimad yatırıma qapı açır
İnvestisiya mühitinin ən mühüm komponentlərindən biri etimaddır. Kapital sahibinin uzunmüddətli layihəyə vəsait yatırması üçün, ilk növbədə, həmin ölkənin iqtisadi və institusional sabitliyinə inanması lazımdır. Bu mənada Azərbaycanın son illər formalaşdırdığı makroiqtisadi sabitlik və biznes mühiti xarici investorlar üçün mühüm baza yaradır.
Prezident İlham Əliyevin müraciətində də Azərbaycanın qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda dayanıqlılıq nümayiş etdirdiyi vurğulanır. Ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və yeni artım mənbələrinin formalaşdırılmasıdır.
Rəsmi məlumatda qeyd edildiyi kimi, 2020-ci ildən etibarən, qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla illik 5 faiz səviyyəsində olub, qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə, təxminən, 2 dəfə çoxalıb. Nəticədə, 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə yüksəlib. Bu rəqəmlərin iqtisadi mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycanın inkişaf modeli tədricən yalnız karbohidrogen gəlirlərindən asılı strukturdan daha çoxşaxəli iqtisadi sistemə transformasiya olunub.
Bununla belə, beynəlxalq qiymətləndirmələr respublikanın qarşısında duran vəzifələrin də miqyasını göstərir. Beynəlxalq Valyuta Fondunun 2026-cı il üzrə Azərbaycanla bağlı qiymətləndirməsində iqtisadi şaxələndirmənin, özəl sektorun inkişafının, məhsuldarlığın artırılmasının, maliyyə bazarlarının dərinləşdirilməsinin və dövlət müəssisələrinin səmərəliliyinin yüksəldilməsinin orta müddətli inkişaf baxımından mühüm olduğu bildirilir. Fond, eyni zamanda, keçən il qeyri-hidrokarbon sektorunda artımın 2,7 faiz olduğunu, cari il üçün isə qeyri-neft artımının 3,7 faiz proqnozlaşdırıldığını açıqlayır.
Deməli, investisiya siyasətinin yeni mərhələsi üçün əsas məsələ təkcə kapitalın həcmini artırmaq deyil. Burada söhbət həmin kapitalın iqtisadiyyatın məhsuldarlığını, ixrac imkanlarını və texnoloji səviyyəsini yüksəldən layihələrə istiqamətləndirilməsindən gedir.
Qeyri-neft sektoruna kapital axını
Azərbaycanın investisiya siyasətində qeyri-neft sektorunun xüsusi yer tutması təsadüfi xarakter daşımır. Çünki əvvəlki mərhələdə ölkəyə böyük həcmdə investisiyalar əsasən enerji sektoruna yönəldilirdisə, indi investisiya gündəliyi daha geniş sahələri əhatə edir. Emal sənayesi, metallurgiya, kənd təsərrüfatı və qida sənayesi, logistika, turizm, rəqəmsal texnologiyalar, süni intellekt, bərpaolunan enerji, su təsərrüfatı, maliyyə xidmətləri, infrastruktur və digər yüksək əlavə dəyər yaradan sahələr yeni investisiya xəritəsinin əsas istiqamətlərindəndir.
Bu baxımdan sənaye parklarının və Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti getdikcə artır. İnvestor üçün hazır infrastrukturun, vergi və gömrük güzəştlərinin, istehsal və logistika imkanlarının mövcudluğu layihənin reallaşma xərclərinə və vaxtına birbaşa təsir göstərir.
Azərbaycanın investisiya siyasətində dövlət-özəl tərəfdaşlığı mexanizminin genişləndirilməsi də bu prosesin mühüm hissəsidir. Dövlətin infrastruktur və institusional imkanları ilə özəl sektorun maliyyə və idarəetmə təcrübəsinin birləşdirilməsi iri layihələrin həyata keçirilməsi üçün əlavə imkan yaradır.
2025-ci ildə keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlərin imzalanması da yuxarıdakı fikrin bariz ifadəsidir. Həmin göstəricinin 7 milyard dollardan çox hissəsinin qeyri-neft sektorunda xarici investisiya hesabına reallaşdırılması isə nəzərdə tutulan layihələrin payına düşməsi həyata keçirilən siyasətin məntiqi nəticəsidir.
Mütəxəssislərin fikrincə, burada əsas diqqətçəkən məqam investisiyaların həcmi ilə yanaşı, həm də strukturu ilə bağlı olub. Məsələn, Daşkəsən Dəmir Filizi Müəssisəsi ilə xarici investisiya şirkəti arasında yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalına dair, təxminən, 700 milyon dollarlıq birgə müəssisə barədə razılaşma əldə edilib. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə dair 407 milyon dollarlıq dövlət-özəl tərəfdaşlığı müqaviləsi də imzalanıb.
Bu layihələr investisiyanın Azərbaycanın xammal ixrac edən iqtisadiyyatından daha çox emal, sənaye, infrastruktur və texnoloji əməkdaşlıq modelinə keçidindəki rolunu nümayiş etdirir. İnvestisiya qərarlarında coğrafi mövqenin əhəmiyyətinin son illər daha da artmasının başlıca səbəblərindən biri isə qlobal təchizat zəncirlərinin dəyişməsidir.
Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu mövqe ölkəyə təkcə tranzit gəlirlərinin artırılması deyil, həm də logistika, anbar, emal, istehsal və ticarət fəaliyyəti üçün əlavə imkanlar yaradır.
Orta Dəhliz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropa ilə birləşdirən marşrutun inkişafı regionun iqtisadi xəritəsində Azərbaycanın rolunu gücləndirir. Tranzit yolunun üzərində olmaq, əlbəttə, özlüyündə kifayət deyil. Əsas məsələ həmin marşrutun ətrafında əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır. Başqa sözlə, Azərbaycan üçün hədəf yalnız yükün ərazidən keçməsi yox, logistika mərkəzlərinin, sənaye müəssisələrinin, anbar komplekslərinin, xidmət sektorunun və ixracyönümlü istehsal sahələrinin bu nəqliyyat sisteminə inteqrasiyasıdır.
Prezidentin müraciətində Zəngəzur dəhlizi – TRIPP marşrutu kimi tanınan layihə də bu baxımdan Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək amillərdən biri kimi təqdim edilir. Bu infrastrukturun reallaşdırılması nəqliyyat bağlantıları ilə yanaşı, ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanların meydana çıxmasına şərait yarada bilər. Beləliklə, Azərbaycanın coğrafi üstünlüyü tədricən iqtisadi üstünlüyə çevrilən strateji aktiv kimi diqqət çəkir.
10,8 milyard dollarlıq yeni yatırımlar
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğu potensial geniş beynəlxalq auditoriyaya təqdim olunub. Eyni zamanda, ölkənin xarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırılıb.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə imzalanmış 23 sənəd ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrinin reallaşdırılmasını nəzərdə tutur. Həmin sənədlərin əhatə etdiyi sahələrin genişliyi xüsusi diqqət çəkir. Süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarının konkret layihələrə çevrilməsi nəzərdə tutulur.
Bu ilin iyununda keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatır. Bu rəqəm təkcə maliyyə resurslarının həcmini ifadə etmir. Eyni zamanda, investorların Azərbaycana artan marağının və ölkənin investisiya məkanı kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Belə miqyaslı layihələrin reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına, habelə Azərbaycanın qlobal və regional dəyər zəncirlərində iştirakının genişlənməsinə imkan yarada bilər.
Forum çərçivəsində imzalanmış sənədlərin mühüm hissəsi enerji sektorunu əhatə edir. Bununla yanaşı, burada söhbət yalnız ənənəvi neft-qaz layihələrindən getmir. Sənədlər Azərbaycanın enerji resurslarının daha səmərəli işlənməsi, yeni yataqların araşdırılması, beynəlxalq tərəfdaşlarla hasilat layihələrinin inkişaf etdirilməsi, qaz ixracı və enerji təhlükəsizliyi kimi istiqamətləri də əhatə edir.
SOCAR tərəfindən müxtəlif beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzalanıb. Onlardan biri SOCAR ilə “ExxonMobil” arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatına dair Hasilatın Pay Bölgüsü Sazişidir. Sazişə əsasən, müqavilə sahəsində iştirak paylarının müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz isə “ExxonMobil” arasında bölüşdürülməsi nəzərdə tutulur.
Digər mühüm sənəd SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının mübadiləsidir. Yatağın tammiqyaslı işlənməsi çərçivəsində əlavə quyuların qazılması və yeni emal infrastrukturunun yaradılması planlaşdırılır.
Bu layihələr yatağın mövcud resurs potensialından daha səmərəli istifadə edilməsinə və ümumi hasilat əmsalının qabaqcıl beynəlxalq qaz layihələrindəki göstəricilərə yaxınlaşdırılmasına imkan verə bilər. Beləliklə, “Abşeron” layihəsi Azərbaycanın qaz potensialının artırılması ilə yanaşı, ölkənin beynəlxalq enerji bazarlarında mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
II Beynəlxalq İnvestisiya Forumunun nəticələri göstərir ki, Azərbaycanın investisiya gündəliyi son illərdə keyfiyyət baxımından da dəyişir. Əvvəlki dövrlərdə əsasən enerji və iri infrastruktur layihələri ilə xarakterizə olunan investisiya əməkdaşlığına hazırda rəqəmsal texnologiyalar, süni intellekt, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, su təsərrüfatı və digər sahələr də daha geniş şəkildə daxil olur.
Forum çərçivəsində imzalanmış 23 sənəd üzrə 10,8 milyard dollarlıq investisiya gündəliyi və Bakı Enerji Həftəsində elan olunmuş layihələrlə birlikdə 16,7 milyard dollara çatan potensial layihələr portfeli bu dəyişimin miqyasını nümayiş etdirir.
Prezident İlham Əliyevin forumda səsləndirdiyi 350 milyard dollardan artıq ümumi investisiya göstəricisi isə bu prosesin daha geniş mənzərəsini ortaya qoyur. Son 20 ildə formalaşmış investisiya mühiti qarşıdakı dövr üçün yeni mərhələnin iqtisadi bazasını yaradıb.
İndi əsas məsələ həmin kapitalın yalnız iqtisadi artımın həcminə deyil, onun keyfiyyətinə də təsir göstərməsidir. Yəni investisiyaların yeni istehsal sahələrinin yaradılmasına, yüksək əlavə dəyər formalaşdıran məhsulların istehsalına, texnologiyaların lokallaşdırılmasına, innovasiyaların tətbiqinə, yeni iş yerlərinin açılmasına və Azərbaycanın regional dəyər zəncirlərində daha fəal iştirakına çevrilməsi qarşıdakı mərhələnin mühüm istiqamətlərindən biri kimi görünür.
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu məhz bu baxımdan yalnız investorların görüş platforması deyil, həm də Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsinin konturlarının təqdim olunduğu mühüm beynəlxalq dialoq meydanı kimi diqqət çəkir.
Vaqif BAYRAMOV
XQ