Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumu balıqçılıq sektorunun inkişafı, su bioresurslarının qorunması və regional əməkdaşlığın genişləndirilməsi məsələlərini gündəmə gətirib. Dövlət Proqramına əsasən, Azərbaycanda illik akvakultura istehsalının 2030-cu ilədək 3400 tondan 7700 tona çatdırılması nəzərdə tutulur.
Noyabrın 5-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib. Tədbir dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun və elmi ictimaiyyətin nümayəndələrini, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın müvafiq sahə üzrə təmsilçilərini bir araya gətirib. Forumda balıqçılıq və akvakultura sahəsinin mövcud imkanları, istehsalın genişləndirilməsi, dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi və su bioresurslarının mühafizəsi müzakirə olunub.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov akvakulturanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının şaxələndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Nazir bildirib ki, Azərbaycanda bu sahənin inkişafı üçün institusional əsasların gücləndirilməsi, balıq ehtiyatlarının qorunması, infrastrukturun yenilənməsi və investisiyaların təşviqi əsas prioritetlər sırasındadır. Məcnun Məmmədov Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılmasını sahənin daha sistemli və vahid yanaşma əsasında idarə olunması istiqamətində mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, akvakultura sektorunda dayanıqlı nəticələrin əldə edilməsi dövlət qurumları, sahibkarlar və elmi ictimaiyyət arasında əlaqələndirilmiş fəaliyyət tələb edir.
Nazir diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda istehsalın əhəmiyyətli dərəcədə artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə çıxışında ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O, balıqçılıq və akvakultura sektorunun inkişafının bu baxımdan xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Tahir Rzayev qanunsuz balıq ovunun qarşısının alınmasını, balıq ehtiyatlarının mühafizəsi istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsini də diqqət mərkəzinə gətirib. O, forumun beynəlxalq təcrübənin öyrənilməsi və milli qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verə biləcək təkliflərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Dövlət Proqramının akvakultura sektorunda istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, sahənin texnoloji yenilənməsinə və qlobal dəyər zəncirinə inteqrasiyasına şərait yaradacağını bildirib. O, Balıqçılıq və Akvakultura Mərkəzinin fəaliyyətini sektorun institusional inkişafı baxımından əhəmiyyətli hesab edib. Lətif Qasımov rəqəmsal monitorinq sistemlərinin tətbiqinin, yerli balıq növlərinin qorunmasının və Xəzərin qiymətli su bioresurslarının mühafizəsinin vacibliyini qeyd edib. Çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının imkanlarına da toxunan şöbə müdiri həmin ərazilərin akvakultura klasterlərinin yaradılması üçün əlverişli potensiala malik olduğunu diqqətə çatdırıb.
Beynəlxalq əməkdaşlıq məsələləri FAO nümayəndəsinin çıxışında da geniş yer alıb. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsinin müavini Nabil Gangi akvakulturanın ərzaq təminatında və kənd yerlərinin sosial-iqtisadi inkişafında artan rolunu vurğulayıb. O, iqlim dəyişikliklərinin su bioresurslarına təsirlərinin nəzərə alınmasını, istehsalda dayanıqlı üsullardan istifadəni və məlumatlara əsaslanan idarəetmə sistemlərinin tətbiqini vacib istiqamətlər kimi qeyd edib.
Forumun gündəliyində istehsal həcmlərinin artırılması ilə yanaşı, ekoloji tarazlığın qorunması və su ehtiyatlarından səmərəli istifadə məsələləri də mühüm yer tutub. Xüsusilə Xəzər dənizinin balıq ehtiyatlarının mühafizəsi, yerli növlərin qorunması və akvakulturanın təbii balıq ehtiyatlarına təzyiqin azaldılmasındakı rolu müzakirələrin əsas istiqamətlərindən olub.
Forumun panel sessiyalarında isə “Akvakulturanın inkişafında milli prioritetlər və regional əməkdaşlıq imkanları”, “Xəzərdən təsərrüfata: balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu”, “Akvakulturanın yeni inkişaf mərhələsi: dövlət siyasəti, hüquqi və institusional çərçivə” və “Akvakulturanın inkişafında özəl sektorun rolu” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə dövlət siyasəti ilə sahibkarlıq təşəbbüslərinin uzlaşdırılması, hüquqi-institusional mühitin təkmilləşdirilməsi, investisiya imkanlarının artırılması və regional təcrübədən yararlanma məsələləri ön plana çıxıb.
Birinci Azərbaycan Regional Akvakultura Forumunda səsləndirilən fikirlər göstərir ki, ölkədə bu sektorun inkişafı istehsal həcmlərinin artırılması ilə məhdudlaşmır. Qarşıdakı dövr üçün əsas vəzifələrdən biri rəqabətqabiliyyətli istehsal modelinin formalaşdırılması, su bioresurslarının qorunması, müasir texnologiyaların tətbiqi və özəl investisiyaların təşviqidir. 2030-cu il üçün müəyyənləşdirilmiş 7700 tonluq istehsal hədəfi isə bu istiqamətdə görüləcək işlərin miqyasını və qarşıda duran vəzifələrin əhəmiyyətini aydın göstərir.
N.ABDALOV
XQ