Ölkəmizdə əkin sahələrinə nə qədər sığorta yardımı edilib?

04.02.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir. 

Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, 2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb. Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb. 

Sığortalanan əkin sahələrinə əsasən buğda, arpa, qarğıdalı, pambıq, digər tarla bitkiləri, bostan və tərəvəz bitkiləri, meyvə bağları və texniki bitkilərin əkiln sahələri  daxildir. 

Ötən il əkin sahələrinin sığortası üzrə fermerlərlə Aqrar Sığorta Fondu arasında 56 518 sığorta müqavləsi bağlanılıb. 

Fermerlərlə Aqrar Sığorta Fondu arasında bağlanan sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5%, 2023-cü illə müqayisədə isə 18% artıb. Xatırladaq ki, 2023-cü ildə əkin sahələrinin sığortası üzrə təqribən 51 min, 2024-cü ildə isə 56,7 min sığorta müqaviləsi bağlanılmışdı. 

2025-ci ildə Azərbaycanda 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığorta edilib. 

Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib. Əkin sahələrinə verilən sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb. 

Xatırladaq ki, aqrar sığorta prosesində 50%-lik dövlət dəstəyi tətbiq edilir, yəni sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. 

Hazırda bütün ölkə ərazisində meyvə bağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.  

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb. 

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью