Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda qadınların ictimai-siyasi fəallığı və qərarvermə proseslərində iştirakı yüksələn xətlə inkişaf edir.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı səsləndirib.
Komitə sədri vurğulayıb ki, cəmiyyətin tərəqqisi insan hüquqlarına hörmət, sosial ədalət və bərabər imkanların təmin olunmasından birbaşa asılıdır. Onun sözlərinə görə, dünyəvi qız məktəbinin yaradılması və qadınlara seçki hüququnun verilməsi kimi tarixi addımlar ölkəmizin bu sahədə zəngin ənənələrə malik olduğunu göstərir.
B. Muradova hazırda bir sıra mühüm sahələrdə qadınların təmsilçiliyində müsbət dinamikanın müşahidə olunduğunu da qeyd edib:
“Dövlət qulluğunda, təyinatlı vəzifələrdə, yerli və milli səviyyəli seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, eləcə də məhkəmə-hüquq sistemində və mediada qadınların təmsilçiliyinin artmasında müsbət dinamika müşahidə olunur. Bu isə qadınların qərarvermə proseslərində iştirakının genişləndirilməsi istiqamətində görülən işlərin mühüm nəticələrindəndir” - deyə o bildirib.