Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan data mərkəzləri bazarında regional gücə çevriləcək
Azərbaycanın iqtisadi inkişaf strategiyasında yeni bir istiqamət formalaşır. Söhbət ölkənin rəqəmsal infrastruktur və data xidmətləri ixracatçısı kimi mövqelənməsindən gedir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun ITV və AZƏRTAC-a son müsahibəsi göstərir ki, hökumət data mərkəzləri, bulud texnologiyaları və süni intellekt ekosisteminin inkişafını qarşıdakı illərin əsas prioritetlərindən biri hesab edir. Nazirin sözlərinə görə, yaxın aylarda dünyanın tanınmış texnologiya tərəfdaşları ilə yeni nəsil data mərkəzlərinin yaradılması barədə rəsmi elanların verilməsi gözlənilir.
Əslində bəhs olunan planların iqtisadi məntiqi kifayət qədər aydındır. Birincisi, Azərbaycan regionun ən sabit investisiya mühitlərindən birinə malikdir. Son illərdə ölkəyə milyardlarla dollar həcmində xarici investisiya cəlb edilməsi və iri enerji, logistika və sənaye layihələrinin uğurla reallaşdırılması investorların risk qiymətləndirməsində mühüm rol oynayır. Data mərkəzləri isə uzunmüddətli və kapital tutumlu layihələr olduğundan, sabitlik bu sahədə əsas şərtlərdən biridir.
İkinci mühüm amil enerji təminatıdır. Süni intellekt sistemlərinin və böyük data mərkəzlərinin fəaliyyəti çox böyük həcmdə elektrik enerjisi tələb edir. Azərbaycanın həm ənənəvi enerji ehtiyatları, həm də sürətlə inkişaf edən “yaşıl enerji” layihələrini nəzərə alsaq, rəqabət üstünlüyünün əldə edilməsi real görünür. Data mərkəzləri üçün elektrik enerjisinin qiyməti və fasiləsiz təchizat layihələrin rentabelliyini müəyyən edən əsas göstəricilərdən hesab olunur.
Üçüncü üstünlük telekommunikasiya bağlantılarıdır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub rəqəmsal dəhlizlərinin kəsişməsində yerləşir. Xəzər dənizinin dibi ilə çəkilən və planlaşdırılan fiber-optik xətlər, həmçinin region ölkələri ilə artan internet trafik mübadiləsi ölkənin regional məlumat tranzit mərkəzinə çevrilməsi potensialını artırır. Belə olan halda daxili bazarla yanaşı, Gürcüstan, Mərkəzi Asiya ölkələri və hətta Yaxın Şərq bazarları üçün də xidmət göstərən data mərkəzlərinin yaranmasına şərait yarada bilər.
Nazirin açıqlamalarında diqqətçəkən məqam dünyanın tanınmış texnoloji tərəfdaşları ilə yeni, o cümlədən süni intellektin tətbiqini nəzərdə tutan data mərkəzlərinin rəsmi anonsu veriləcəyi barədə fikirlərdir. Son aylarda baş verən rəsmi görüşlər bu tərəfdaşların kim ola biləcəyi barədə müəyyən ehtimallar yaratmağa imkan verir. Məsələn, bu ilin yanvarında Davosda Prezident İlham Əliyev ilə “Dell Technologies” rəhbərliyi arasında keçirilən görüşdə superkompüter infrastrukturu, süni intellekt tətbiqləri, data mərkəzləri və bulud həlləri müzakirə olunub. Görüşdə, həmçinin yeni nəsil data mərkəzlərinin layihələndirilməsi və həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.
Fevral ayında Münxendə Prezident İlham Əliyevin “Oracle Corporation”ın baş icraçı direktoru ilə görüşü də xüsusi diqqət çəkir. Tərəflər süni intellekt, bulud texnologiyaları və uzunmüddətli texnoloji əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Daha sonra Mikayıl Cabbarov da ABŞ şirkətləri və hyperscaler platformaları ilə danışıqlar aparıldığını təsdiqləyib.
Bundan əlavə, ABŞ-ın süni intellekt şirkəti “Haimaker” ilə aparılan müzakirələr çərçivəsində Ələt Azad İqtisadi Zonasında data mərkəzi və bulud platformasının yaradılması ideyası gündəmə gətirilib. Bütün bunları nəzərə aldıqda, mümkün tərəfdaşlar sırasında “Dell Technologies”, “Oracle” və “Haimaker” kimi şirkətlərin adları real görünür. Əlavə olaraq, qlobal bazarın inkişaf tendensiyaları nəzərə alınarsa, gələcək mərhələlərdə “Microsoft”, “Amazon Web Services” (AWS), “Google Cloud” və ya digər böyük bulud xidmətləri operatorlarının da Azərbaycana maraq göstərməsi istisna deyil. Lakin hazırda bu istiqamətdə rəsmi təsdiq yoxdur.
Ən vacib məsələ odur ki, data mərkəzləri yüksək ixtisaslı iş yerləri yaradır, yerli proqram təminatı sənayesini inkişaf etdirir, universitetlərlə əməkdaşlığı gücləndirir və ölkənin rəqəmsal suverenliyini artırır. Uğurla həyata keçirilən strategiya nəticəsində yaxın onillikdə regionun enerji qovşağı ilə yanaşı, süni intellekt və data xidmətləri qovşağına çevrilmək imkanının əldə edilməsi yüksəkdir.
Hazırda qarşıda duran əsas vəzifələrdən biri bu infrastrukturun ətrafında tam bir rəqəmsal ekosistem formalaşdırmaqdır. Çünki prosesdə data mərkəzlərinin tikintisindən əlavə, proqram təminatı istehsalçıları, süni intellekt startapları, kibertəhlükəsizlik şirkətləri və elmi-tədqiqat mərkəzləri üçün əlverişli mühit yaradılmalıdır. Bu yanaşma ölkəyə həm də yüksək əlavə dəyər yaradan rəqəmsal məhsul və həllərin ixracı istiqamətində yeni imkanlar aça bilər.
Sonda bir məqamı da qeyd edək ki, Qlobal iqtisadiyyatda məlumatların və hesablama gücünün strateji əhəmiyyəti sürətlə artır. Bir vaxtlar enerji və nəqliyyat marşrutları üzərində qurulan rəqabət artıq rəqəmsal infrastruktur sahəsində də özünü göstərir. Azərbaycan coğrafi mövqeyi, enerji potensialı və son illərdə formalaşdırdığı biznes mühiti sayəsində bu transformasiyadan faydalanmaq üçün əlverişli şərait var. Gələcək perspektivdə planlaşdırılan yeni tərəfdaşlıq elanları isə ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində atdığı addımların miqyasını daha aydın göstərəcək.
Nurlan ABDALOV
XQ