Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrəvana yolun açılması Bakının sülhə töhfəsidir
Müasir dünyada dövlətlərarası münasibətlərin inkişaf dinamikası quru bəyanatlarla yox, bilavasitə nəqliyyat- logistika qərarları ilə ölçülür. Bu gün Rusiya ərazisindən Ermənistana qədər uzanan marşrut üzrə hərəkət edən səkkiz vaqon buğda və on vaqon daş kömür tədarükünün məhz Azərbaycan ərazisindən keçərək Biləcəri stansiyasından yola salınması strateji reallıqdır.
Cənubi Qafqazda sülh arxitekturasının qurulması istiqamətində rəsmi Bakının davamlı olaraq nümayiş etdirdiyi konstruktiv mövqe bu tranzit əməliyyatı ilə növbəti dəfə təsdiqini tapır. Təqdim olunan logistik imkan dərin siyasi məna formalaşdırır və bu, regional təhlükəsizlik mühitinin sabitləşməsinə xidmət edən rasional prosesdir. Qeyd olunan məsələ bütövlükdə beynəlxalq ictimaiyyətə açıq mesajdır ki, dövlətimiz qonşuluq münasibətlərinin bərpası üçün zəruri infrastruktur resurslarını maneəsiz təqdim etməyə hazırdır. Məhz bu səbəbdən Azərbaycanın Ermənistan üçün açdığı tranzit yolu rəsmi Bakının İrəvana uzatdığı sülhməramlı əlidir və yaranan situasiya gələcək inteqrasiya proseslərinin başlanğıc nöqtəsi rolunu oynayır.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit, 67 min ton taxta materialları daşınıb. Eyni zamanda, bu dövr ərzində Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın yüksək oktanlı benzin ixrac edilib. Yuxarıda qeyd olunan rəqəmlər həm tranzit dəhlizinin infrastruktur baxımından mükəmməl fəaliyyətini, həm də rəsmi Bakının siyasi niyyətinin ardıcıllığını sübut edir. Mövcud statistik göstəricilər quru sözlərdən ibarət vədlərin yerini real işin tutduğunu aydınlaşdırır. Rəsmi Bakı praqmatik addımlar ataraq, logistik asılılığın mənfi nəticələrindən əziyyət çəkən İrəvana iqtisadi baxımdan dirçəlmək şansı yaradır. Həmin imkanlar fonunda kommunikasiya xətlərinin daimi bərpası qaçılmaz reallığa çevrilir. Əldə olunan logistik göstəricilər yalnız maliyyə mənfəəti güdmür, bilavasitə siyasi etimadın yaradılmasına xidmət edir.
Əsas məsələ həyata keçirilən strateji gedişlərin, eləcə də edilən konstruktiv jestlərin Ermənistan hakimiyyəti tərəfindən necə qarşılanması, hansı prizmadan analiz edilməsidir. Çünki uzun illər ərzində formalaşmış siyasi paradiqmalar, adətən, oxşar prosesləri ictimaiyyətə təhrif edilmiş formada çatdırmağa meyillidir. Rəsmi İrəvanın Bakının uzatdığı sülhməramlı əli düzgün dəyərləndirib-dəyərləndirməməsi gələcək illərin regional inkişaf dinamikasını müəyyənləşdirəcək amil olaraq qalır. Əgər Ermənistan administrasiyası edilən jesti qısamüddətli taktiki manevr kimi qəbul edərsə, çox ciddi strateji səhvə yol verəcək. Reallıqda isə göstərilən tranzit xəttinin fəaliyyəti Azərbaycanın regionda dominant mövqeyini, həmçinin humanist prinsiplərə sadiqliyini təcəssüm etdirir. Ermənistan hakimiyyəti anlamalıdır ki, logistik əməkdaşlıq təklifi, sadəcə, güzəşt sayılmamalı, əksinə, düşmənçilik dövrünün qapadılması istiqamətində əvəzolunmaz fürsət kimi qavranılmalıdır. Yanlış analiz və situasiyanın qeyri-adekvat qiymətləndirilməsi İrəvanın regional layihələrdən təcridolunma müddətini ancaq uzada bilər. Səmimi cəhdlərin dəyərləndirilməsindəki cüzi tərəddüd rəsmi İrəvanın zərərinə işləyəcək.
Mövcud şəraitdə Ermənistanın daxili siyasi kuluarlarında müşahidə olunan qarışıqlıq siyasi qərarların qəbul edilməsi prosesinə mənfi təsir göstərir. Bəzi daxili qruplaşmalar regional inteqrasiyanı dövlət maraqlarına təhdid olaraq ictimaiyyətə sırımağa çalışır, xarici güclərin diktəsilə hərəkət etməyi üstün tuturlar. Lakin rasional iqtisadi reallıqlar həmin xəyalpərəst düşüncələrin əsassızlığını sübuta yetirir. Buğda və kömür kimi strateji yüklərin məhz Azərbaycan vasitəsilə tədarükü asılılığın əsl səviyyəsini göstərir. Xaricdən gələn təlimatlarla idarə olunan qüvvələr unudurlar ki, ölkənin iqtisadi inkişafı və əhalinin rifahı bilavasitə qonşularla qurulan rasional münasibətlərdən asılıdır. İrəvan bu reallığı vaxtında idrak etməli, konstruktiv yanaşmanı mənimsəməlidir. Əgər rəhbərlik əsassız xəyalların arxasınca qaçmağa davam edərsə, cəmiyyətin sosial-iqtisadi böhranı daha da dərinləşəcək. Kənar güclərin verdiyi yalançı vədlər heç vaxt praktiki dəstəklə müşayiət olunmur, yalnız mövcud vəziyyəti gərginləşdirmək məqsədi güdür. Qeyd edilən səbəblərə görə İrəvan administrasiyası məntiqli addımlar atmağa məcburdur.
Tarixi təcrübə göstərir ki, münaqişələrin həllindən sonrakı mərhələdə daimi sülhün əldə olunması əsasən kommunikasiyaların açılmasından, eləcə də iqtisadi asılılığın formalaşmasını tələb edir. Rəsmi Bakının təşəbbüsləri məhz həmin qarşılıqlı etimad mexanizminin təməlini qoyur. Biləcəri stansiyasından Ermənistan istiqamətinə hərəkət edən qatarlar, sadəcə, buğda, yaxud kömür daşımır, eyni zamanda, iki respublika arasında sülh sazişinin zəruriliyini təşviq edən siqnallar aparır. İcra olunan fəaliyyət həm də beynəlxalq hüququn prinsiplərinə uyğundur, üstəlik, qonşuluq münasibətlərinin bərpası baxımından təsirli amildir. Azərbaycanın yürütdüyü xarici siyasət kursu həmişə ardıcıl və məntiqi çərçivələrə söykənir. Təsadüfi heç nə yoxdur. Atılan hər addım geniş strateji planın tərkib hissəsidir.
Ən həssas məqamlardan biri də Ermənistanın göstərilən humanitar-logistik jestlərə adekvat reaksiya verməməsi halında yaranacaq mənfi nəticələrdir. Obyektiv reallıq göstərir ki, təklif olunan tranzit variantlarından imtina edilməsi bilavasitə İrəvanın onsuz da həssas olan sistemini tənəzzülə sürükləyəcək. Alternativ logistika xətləri həm vaxt, həm də maliyyə baxımından olduqca səmərəsizdir. Azərbaycanın tranzit infrastrukturu isə ən qısa, ən təhlükəsiz, həmçinin ən səmərəli marşrutdur. Rəsmi Bakı sərəncamında olan resursları siyasi təzyiq vasitəsinə çevirmir, əksinə, qeyd edilən potensialı bilavasitə inteqrasiya vasitəsi olaraq tətbiq edir. Tərəflər arasında gərginliyin azaldılması üçün yaradılan təqdimatların lazımi qaydada dəyərləndirilməməsi İrəvan hakimiyyətinin diplomatik uğursuzluğunun təzahürü sayılacaq.
Cənubi Qafqazın qlobal nəqliyyat qovşağına çevrilməsi prosesində Azərbaycanın mərkəzi rolu qətiyyən şübhə doğurmur. Rəsmi Bakının irəli sürdüyü layihələr qlobal miqyasda tam qəbul edilir. Rusiya ilə Ermənistan arasındakı yük daşımalarının məhz Azərbaycan ərazisindən keçməsi də formalaşan status-kvonun mütləq göstəricisidir. İrəvan rəhbərliyi anlamalıdır ki, beynəlxalq tranzit xətlərindən kənarda qalmaq iqtisadi böhranı dərinləşdirəcək qaçılmaz faktdır. Təqdim olunan sülh mesajı, əslində, İrəvana dünya bazarlarına maneəsiz çıxış şansı qazandırır. Məsuliyyət tamamilə qonşu dövlətin rəhbərliyinin üzərində cəmləşib. Şübhəsiz ki, logistik, iqtisadi, eyni zamanda, siyasi proseslərin cərəyan etdiyi qlobal müstəvidə atılan rasional addımlar möhkəm sülhə və respublikaların təhlükəsizliyinə zəmanət verir.
Yusif ŞƏRİFZADƏ
XQ