Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Xankəndi şəhəri iyulun 19-da mühüm beynəlxalq toplantıya ev sahibliyi edib.
Həmin günü Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.
Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir.
Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir.
Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir.
52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub.
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşü keçirilib.