Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
2026-cı ilin yanvar-iyun aylarında ölkəmizin külək elektrik stansiyalarında 499,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 478,1 milyon kilovat-saat və ya 22,9 dəfə çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, ölkədə külək enerjisinin istehsalında kəskin artım isə “Xızı-Abşeron” stansiyasının uğurlu fəaliyyəti ilə bağlıdır. Xatırladaq ki, 240 meqavat gücündə olan stansiyanın rəsmi açılış mərasimi bu il yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilib.
Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla, ümumilikdə, 37 hektara yaxın torpaq sahəsi ayrılıb. Layihə çərçivəsində burada hər birinin gücü 6,5 meqavat təşkil edən 37 külək turbini (12-si Abşeronda, 25-i Xızıda), eləcə də ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb.
Stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən xarici sərmayə əsasında inşa edilib. Layihənin icrasına isə, təxminən, 340 milyon ABŞ dolları investisiya yönəldilib. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının illik enerji istehsalı həcmi, təqribən, 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.
XQ