Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Kazanın Sovet Rayon Məhkəməsi Tatarıstanda yeganə “qanuni oğru” kimi tanınan Roman Sıçov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. O, 1 aprel tarixinədək həbsdə qalacaq.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, həbs müddətinin uzadılması ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə xüsusilə mühüm işlərin istintaqı üzrə 1-ci şöbəsinin müstəntiqi Ayrat Giniyatullin məhkəməyə təqdim edib. İş məhkəməyə göndərilənədək Sıçov və onun vəkili cinayət işinin materialları ilə tanış olmalıdırlar.
Təqsirləndirilən şəxsin vəkili Andrey Lepin məhkəmədən Sıçov barəsində qətimkan tədbirinin dəyişdirilərək ölkədən çıxmamaq haqqında iltizamla əvəz olunmasını xahiş edib. Müdafiəçi bildirib ki, onun müvəkkili ilə bağlı istintaq hərəkətləri artıq aparılmayacaq və bütün materiallar müstəntiqdə mövcuddur. Lepinin sözlərinə görə, Sıçov istintaqdan heç vaxt yayınmayıb, qeydiyyat ünvanı var və müstəntiqin çağırışına gələ bilər. “İstintaq təcridxanasında qalması müvəkkilimin sağlamlığına mənfi təsir göstərir. Bütün tibbi arayışlar təqdim olunacaq”, — deyə o əlavə edib.
Sıçov vəkilini dəstəkləsə də, əlavə heç nə deməyib: “Hələlik 51-ci maddə ilə susuram, sonra suallar verəcəyik”.
Xatırladaq ki, Sıçov Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) və 163-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi (xüsusilə külli miqdarda pulu hədə-qorxu ilə tələb etmə) ilə nəzərdə tutulan cinayətlərdə şübhəli bilinir. O, 2025-ci ilin aprelində saxlanılıb və istintaq təcridxanasına göndərilib. İstintaqın versiyasına görə, o, qeyri-qanuni kazinoda uduzduğu borcun məbləğini azaltmaqda yerli sakinə kömək edəcəyini vəd edib, əvəzində isə onun BMW X5 avtomobilini alıb.
Sentyabr ayında Sıçova qarşı daha bir maddə — 210.1 (cinayət iyerarxiyasında ali mövqe tutma) üzrə də ittiham irəli sürülüb. Cinayət işi üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.