Ölkəsini iki dəfə xilas edən general Şarl de Qoll KONKRET

09.11.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

9 noyabr 1970-ci il axşamı Kolomb-le-Döz-Eqliz (Colombey-les-Deux-Églises) kəndində yerləşən sadə bir bağ evində sakitlik hökm sürürdü. Uca boylu, bir qədər beli bükülmüş 79 yaşlı qoca ocaq qarşısındakı sevimli kreslosunda əyləşmişdi. Saat 19:15-i göstərirdi. Ağır istefadan sonra siyasi tənhalığa çəkilmiş, dünənki silahdaşlarının bir qismi tərəfindən unudulmuş, Parisin qayğılarından uzaqlaşmış Beşinci Respublikanın ilk prezidenti axşamını sakit keçirmək istəyirdi. O, televiziyada axşam xəbərlərinin başlamasını gözləyirdi.

Qəfildən qoca irəli əyildi, sinəsini masaya söykəyərək kürəyindən yapışdı.

“Ağrıyır… Elə burada…”. Bunlar onun son sözləri oldu.

Həyat yoldaşı İvonnanın fəryadına qulluqçular qaçıb gəldilər. Kənd həkimi və keşiş çağırıldı. Lakin artıq gec idi. Şarl de Qollun qarın aortası partlamışdı. Hitleri, Çörçili və Ruzvelti belə siyasi iradəsi və qətiyyəti ilə heyrətləndirmiş böyük general səssizcə, təmtəraqsız və son sözlərini deməyə macal tapmadan dünyasını dəyişdi.

Bir neçə saat sonra Fransanın prezidenti Jorj Pompidu dövlət televiziyası ilə xalqa müraciət etdi:

“Fransız qadınları, fransızlar! General de Qoll vəfat etdi. Fransa dul qaldı”.

De Qollun şəxsiyyətinin miqyası və daxili dünyasının böyüklüyü onun ölümündən xeyli əvvəl hazırladığı vəsiyyətnamədə də öz əksini tapmışdı. O, nüfuzuna və tarixi xidmətlərinə baxmayaraq, özünə təmtəraqlı dövlət dəfn mərasimi təşkil edilməsini qəti şəkildə istəmirdi. Milli matəmdən, rəsmi çıxışlardan və Panteonda dəfn olunmaq ehtimalından imtina etmişdi.

O, vəsiyyətnaməsində yazırdı: “Mən təntənəli dəfn mərasimindən qətiyyətlə imtina edirəm. Heç bir nitq, heç bir rəsmi mərasim, nazirliklərdən çələnglər olmasın. Tabutumun üzərində Fransanın üçrəngli bayrağından başqa heç nə olmamalıdır. Məzarım son dərəcə sadə olsun – Kolombedəki kənd qəbiristanlığında, qızım Annanın yanında”.

Bu sözlərin arxasında generalın həyatının ən kövrək və şəxsi səhifələrindən biri dayanırdı.

De Qoll ailəsini qızının xəstəliyi ətrafında yarana biləcək ictimai maraqdan və qəddar münasibətdən qorumağa çalışmışdı. Onun kiçik qızı Anna 1928-ci ildə Daun sindromu ilə dünyaya gəlmişdi. Həmin dövrdə belə uşaqlara münasibət bugünkü anlayışlardan xeyli fərqlənirdi. Bir çox ailələr onları cəmiyyətdən gizlətməyə, qapalı müəssisələrdə saxlamağa üstünlük verirdilər.

Lakin Şarl de Qoll üçün Anna sadəcə xəstə övlad deyildi. O, atasının həyatında xüsusi yer tutan, sonsuz məhəbbətlə bağlandığı qızı idi. Çörçillin təkəbbürlü hesab etdiyi, amerikalıların bəzən avtoritar meyillərdə günahlandırdığı sərt general ailə daxilində tamamilə başqa insana çevrilirdi. O, saatlarla Anna ilə bağda gəzir, ona laylalar oxuyur, nağıllar danışırdı. Qızının hər jestini, hər baxışını anlayır, onunla özünəməxsus bir ünsiyyət qururdu.

Anna cəmi 20 yaşında, 1948-ci ildə sətəlcəmdən vəfat etdi. Dəfn mərasimində de Qoll həyat yoldaşı İvonnanın əlindən tutaraq sakitcə belə dedi: “İndi o, hamı kimi oldu”.

Bu cümlə generalın daxilində illərlə daşıdığı ağrını, qızına olan sevgisini və ölüm qarşısında insan taleyinin bərabərliyinə inamını ifadə edirdi.

Fransanı iki dəfə xilas edən general

Şarl de Qoll Fransanın tarixində iki dəfə dövlətin və milli kimliyin məhv olmaq təhlükəsi ilə üzləşdiyi dövrdə ön plana çıxmışdı.

1940-cı ildə Fransa nasist Almaniyasının hücumu qarşısında süquta uğrayanda, ölkənin yeni rəhbərliyi almanlarla barışıq yolunu seçəndə de Qoll təslim olmaqdan imtina etdi. O, Londona gedərək Müqavimət hərəkatının əsas simasına çevrildi. Vətənindən kənarda olsa da, Fransanın mübarizəni davam etdirdiyini dünyaya bəyan etdi. Vişi rejimi tərəfindən qiyabi ölüm cəzasına məhkum edilən general öz iradəsi və siyasi qətiyyəti ilə fransızların milli qürurunun qorunmasında mühüm rol oynadı.

1958-ci ildə isə Fransa yenidən ağır böhranla üzləşdi. Əlcəzair müharibəsi ölkəni siyasi və hərbi qarşıdurmanın astanasına gətirmişdi. De Qoll hakimiyyətə qayıtdı, yeni konstitusiyanın hazırlanmasına rəhbərlik etdi və Beşinci Respublikanın əsasını qoydu.

Onun xarici siyasət kursu Fransanın müstəqil dövlət kimi mövqeyini gücləndirməyə yönəlmişdi. De Qoll ABŞ-ın təsirindən kənarda daha müstəqil Avropa siyasətinin tərəfdarı idi. 1966-cı ildə Fransanın NATO-nun inteqrasiya olunmuş hərbi komandanlıq strukturundan çıxması barədə qərar verdi və ölkədəki xarici hərbi qüvvələrin çıxarılmasını tələb etdi. Bununla belə, Fransa alyansın siyasi üzvü olaraq qaldı.

De Qoll üçün dövlətçilik yalnız hakimiyyətdə qalmaq və ya siyasi nüfuzunu qorumaq deyildi. O, Fransanın öz qərarlarını özü verməsini, milli maraqlarını heç bir böyük dövlətin iradəsinə tabe etməməsini vacib sayırdı.

Hakimiyyətdən getmək də siyasi iradədir

1969-cu ildə Şarl de Qoll siyasi karyerasının son qərarını verdi. O, Senatın islahatı və regional idarəetmə ilə bağlı referendum keçirdi. Təklifləri xalq tərəfindən dəstəklənmədi. De Qoll isə əvvəlcədən verdiyi vədə uyğun olaraq prezident vəzifəsindən istefa etdi.

O, hakimiyyətdən yapışmadı, siyasi manevrlərə əl atmadı, öz məğlubiyyətini başqalarının üzərinə atmağa çalışmadı. Sadəcə qərarını verdi və Yelisey sarayını tərk etdi.

General doğma kəndinə qayıtdı. Xatirələrini yazmağa başladı, sakit həyat sürdü, sevimli məşğuliyyətlərinə vaxt ayırdı. Bir zamanlar Fransa siyasətinin mərkəzində dayanan insan ömrünün son mərhələsini sadə kənd evində keçirməyi seçmişdi.

Onun gedişi bir çoxları üçün siyasi dövrün başa çatması demək idi. Fransa artıq başqa mərhələyə qədəm qoyurdu. Böyük tarixi sınaqların, müharibələrin və milli dirçəlişin simvoluna çevrilmiş generalın yerini daha praqmatik, gündəlik siyasi mübarizənin qaydalarına uyğunlaşan yeni nəsil tuturdu.

De Qollun həyatının son səhifəsi də onun siyasi fəlsəfəsinə uyğun oldu. O, hakimiyyətdən getməyi bacardı. Çünki onun üçün dövlət və xalq qarşısında xidmət şəxsi ambisiyalardan üstün idi.

1970-ci il noyabrın 9-da Kolombeydə ocaq qarşısında tənha generalın ürəyi dayandı. Lakin onun siyasi irsi, Fransanın müstəqilliyi və milli ləyaqəti haqqında düşüncələri yaşamaqda davam etdi.

Şarl de Qoll tarixə yalnız müharibə qəhrəmanı və Fransa Respublikasının qurucularından biri kimi düşmədi. O, hakimiyyətin insanı böyütmədiyini, əsl böyüklüyün isə insanın hakimiyyətdən necə ayrılmasında da üzə çıxdığını göstərən dövlət xadimlərindən biri oldu.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью