Ölüm faizi 80% ə çatan virus yenidən yayılır: tibb işçiləri də yoluxub

25.01.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Peyvəndi və effektiv müalicəsi olmayan Nipah virusu Hindistanda yenidən təhlükə siqnalı verib. Son yoluxma halları virusun lokal nəzarətdən çıxma riskini yenidən gündəmə gətirib.

Bakupost.az xəbər verir ki, Hindistanın Kəlkətə şəhəri yaxınlığında yerləşən Qərbi Benqal əyalətində indiyədək beş yoluxma faktı qeydə alınıb. Onlardan üçü son günlərdə aşkar edilib.

Narahatedici məqam yoluxanlar arasında səhiyyə işçilərinin olmasıdır. Məlumata görə, virusa yoluxanlar sırasında həkim və tibb bacıları da var. Yeni ildən dərhal sonra Kəlkətə yaxınlığındakı özəl xəstəxanada çalışan iki tibb bacısında yüksək qızdırma və tənəffüs çatışmazlığı müşahidə olunub. Onlardan birinin vəziyyəti ağırlaşıb və komaya düşüb.

İlkin ehtimallara əsasən, yoluxma test aparılmadan əvvəl vəfat edən bir xəstənin müalicəsi zamanı baş verib.

Mütəxəssislər bildirir ki, Nipah virusu əsasən yarasalar vasitəsilə yayılan təhlükəli patogendir. Virus heyvanlardan insanlara keçə bilir və ağır hallarda ensefalit və ağır tənəffüs xəstəlikləri yaradır. Ayrı-ayrı yoluxma dalğalarında ölüm faizi 80 faizə qədər yüksəlib.

Qeyd edək ki, Nipah virusu ilk dəfə 1998-ci ildə aşkarlanıb. O vaxtdan bəri Cənubi və Cənub-Şərqi Asiyada müxtəlif dalğalarla yayılıb və təxminən 1000 nəfərin yoluxmasına səbəb olub.

Hazırda əsas sual açıq qalır: bu yoluxma halları lokal nəzarətdə saxlanılacaq, yoxsa yeni yayılma mərhələsinin başlanğıcıdır?


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью