Ölüm işinə görə həbs olunan sahə rəisinə 3 il cəza verilib

19.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakının Binəqədi rayonu, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov 3 il müddətə azadlıqdan məhrum edilib.

"Report"un məlumatına görə, bu barədə hökm Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkəcək.

Həmçinin Azər Cümşüdov 2 il müddətə müəyyən vəzifə tutmaq hüququndan da məhrum olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Azər Cümşüdovun 5 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью