Ölümcül zəhərə qarşı 100 illik axtarışın sonu

17.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

San-Fransiskodakı Kaliforniya Universitetinin Ürək-Damar Tədqiqatları İnstitutunun alimləri tibb dünyasında inqilabi bir kəşfə imza atıblar. Onlar indiyə qədər heç bir antidotu (zəhər əleyhinə vasitəsi) olmayan və insanı dəqiqələr ərzində iflic edib öldürən saksitoksin zəhərinə qarşı effektiv müalicə üsulu tapıblar. Bu mühüm tədqiqatın nəticələri nüfuzlu "Nature Communications" jurnalında dərc olunub.

Saksitoksin təbiətdə ən çox dəniz ilbizləri, midiyalar və digər molyuskların bədənində toplanır. İnsan bu dəniz məhsullarını yedikdə, zəhərin kiçik molekulları bədəndəki sinir siqnallarını tamamilə bloklayır. Nəticədə insan bədəni iflic olur və nəfəs ala bilmədiyi üçün boğularaq ölür. Bu zəhər o qədər güclü və təhlükəlidir ki, vaxtilə Soyuq müharibə illərində ondan kimyəvi silah kimi də istifadə olunub. Onilliklər ərzində alimlər bu zəhərin sinir hüceyrələrinə hücumunun qarşısını almağa və ya bədəndə ona qarşı immunitet yaratmağa çalışsalar da, bütün cəhdlər uğursuzluqla nəticələnmişdi.

Çıxış yolu isə tamamilə gözlənilməz bir yerdən – öküz qurbağalarından gəldi. Alimlər hələ bir müddət əvvəl bu qurbağaların orqanizmində tapılan "saksifilin" adlı zülalın maraqlı xüsusiyyətini kəşf etmişdilər. Bu zülal bədəndə sanki bir molekulyar süngər kimi fəaliyyət göstərir – zəhərli maddə hələ sinir və əzələ hüceyrələrinə çatmamış onu özünə çəkir və zərərsizləşdirir. Tədqiqatçılar bu prosesin canlı orqanizm daxilində necə işləyəcəyini yoxlamaq qərarına gəliblər.

Siçanlar üzərində aparılan sınaqlar möhtəşəm nəticə verib. Alimlər heyvanlara zəhərlə bərabər saksifilin zülalını vurduqda, sinir hüceyrələrinin zədələnməsinin qarşısı tamamilə alınıb. Ən önəmlisi isə odur ki, zülal heyvanlara zəhərlənmədən bir qədər sonra – yəni zəhər artıq bədənə yayıldıqdan sonra vurulduqda belə, onları ölümdən xilas edə bilib.

Üstəlik, məlum olub ki, bu sehrli zülal saksitoksinin təbiətdə mövcud olan əllidən çox fərqli variantının hamısına qarşı eyni dərəcədə təsirlidir. Hazırda tədqiqatçılar bu zülalın daha kiçik dozalarla necə etibarlı müdafiə təmin edə biləcəyini araşdırırlar. Bu kəşf elmi dünyasının demək olar ki, yüz ildir davam edən ən böyük axtarışlarından birinə nöqtə qoydu və gələcəkdə minlərlə insanın həyatını xilas etmək üçün qapı açdı.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью