Ölümündən 40 gün sonra xəbərim oldu Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə ifadə verdi

03.02.2026

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakıda anasının qeyri-rəsmi nikahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Y.Q hakim qarşısına çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Y.Q özünü ittihamla təqsirli bildiyini deyib.

Daha sonra təqsirləndirilən Y.Q. hadisənin necə baş verməsindən danışıb:

"Anam işdən gəlib yemək bişirirdi. Emil də oturub içki içirdi, arada da anama pis söyüşlər söyməyə başladı. Hədələyirdi ki, onu polisə versək, başımıza oyun açacaq. Sonra ayağa durub dedi ki, atasıgilə getmək istəyir. Anam qoymadı ki, içkilisən, bu halda çölə çıxma. Emil başladı anama əl-qol atıb söyməyə. Mən qorxub özümü itirdim. Digər otağa keçib xalama zəng etdim ki, "Bunlar yenə dava edir, mən neyləyim?" Xalam dedi ki, qarışmayım. Qayıdıb gördüm ki, Emil qışqıra-qışqıra anamı vurmağa, söyməyə davam edir. Qorxudan özümü itirmişdim, mətbəxə keçib bıçağı götürdüm ki, bununla Emili qorxudum, anamı döyməkdən əl çəksin. Onun anamı buraxmaq fikri yox idi, anamı necə gəldi vururdu. Bıçağı nə zaman, necə Emilə vurduğumu xatırlamıram, sonradan bildim ki, ona dörd zərbə vurmuşam. Emil səndələyə-səndələyə qapı tərəfə qaçdı. Xalama zəng eləyib atalığımı vurduğumu dedim. Xalam telefonda anama qışqırdı ki, "uşağı niyə işə saldın". Anama dedim ki, tez "təcili yardım"a, polisə zəng etsin. Özüm çıxıb polisləri qarşılayıb evə gətirdim".

Zərərcəkənin hüquqi varisi, yəni qətlə yetirilən Emil Əliyevin qardaşı ifadəsi zamanı vurğulayib ki, o qardaşının ölümündən 40 gün sonra xəbər tutub. O, qardaşının ölümünü ona telefonla xəbər verdiklərini bildirib:

"40 gündən sonra mənə zəng etdilər ki, gəl qardaşının meyitini apar. Meyit bu müddətə kimi morqda qalmışdı".

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nikahda yaşadığı qadının 16 yaşlı oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Yetkinlik yaşına çatmamış Y.Q. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью