Omanla Qazaxıstan arasında sənədlər imzalanıb

07.10.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 7 oktyabr, AZƏRTAC

Omanla Qazaxıstan arasında 5 saziş, 10 anlaşma memorandumu və digər sənədlər imzalanıb.

AZƏRTAC Omanın rəsmi xəbər agentliyinə istinadla bildirir ki, sənədlərə imzalar Oman Sultanı Heysəm bin Tariqin Qazaxıstana səfəri zamanı atılıb.

Sazişlər Avrasiya İnkişaf Bankına üzvlük, Avrasiya İnkişaf Bankının Omanda fəaliyyət göstərməsi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, hava nəqliyyatı, eləcə də Oman-Qazaxıstan Biznes Şurasının yaradılmasını əhatə edir.

Anlaşma memorandumlarında diplomatik tədqiqatlar və akademik hazırlıq, təlim, maliyyə, mədəniyyət və gənclər sahələrində əməkdaşlıq, qəza və insidentlərin araşdırılması, beynəlxalq dəhlizlər arasında əlaqələrin gücləndirilməsi, rabitə və informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq sahələrində əməkdaşlıq məsələləri öz əksini tapıb.

Sənədlər sırasında Oman Ticarət və Sənaye Palatası ilə Qazaxıstan Milli Sahibkarlar Palatası, həmçinin Oman Kral İdarəçilik Akademiyası ilə Qazaxıstan Dövlət Qulluğu Mərkəzi arasında anlaşma memorandumları da yer alıb.

Mərasim zamanı Birgə İnvestisiya Fondunun yaradılmasına dair icra sazişi, habelə “OQ” və “KazMunayQaz” şirkətləri arasında neft və qazın kəşfiyyatı və hasilatı sahəsində investisiya imkanlarına dair iki əməkdaşlıq sazişinə də imza atılıb.

Bundan başqa, “O-Green” şirkəti ilə “Samruk Energy” arasında Qazaxıstanda və beynəlxalq bazarlarda bərpaolunan enerjinin inkişafına dair strateji əməkdaşlıq sazişi, faydalı qazıntıların kəşfiyyatında süni intellekt üzrə Oman-Qazaxıstan Mərkəzinin yaradılmasına dair əməkdaşlıq memorandumu, həmçinin Oman Sultanlığında əl-Mədinət əl-Zərqa əyləncə şəhərciyinin inkişafı və “Rixos” hotelinin fəaliyyətinin təşkili üzrə şərtlər memorandumu imzalanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью